Azərbaycanda 2024-cü ilin iyun ayında yaşı 100 və 100-dən çox olan pensiyaçıların sayı 270 nəfər təşkil edib.
Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Məlumata görə, onların 36 nəfəri kişi, 234 nəfəri isə qadındır. Bu isə onu göstərir ki, qadınlar kişilərdən daha çox ömür sürür. Bunun müxtəlif səbəbləri göstərilir.
Qadın orqanizminin kişi orqanizmi ilə müqayisədə daha güclü, daha dözümlü olması, stresdən daha tez çıxıb toparlana bilməsi kimi amillər ön sıradadır.
Tibb sahəsi üzrə ekspert Rasif Bağırov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, buna səbəb təkcə psixoloji amillər deyil, həm də tibbi məsələlərdir:
“Qadınlarda estrogen hormonu kişilərdəki testosteron hormonundan daha güclüdür. Bu isə qadın metabolizmasının daha yaxşı inkişafı üçün önəmli faktordur. Yəni 55-60 yaşına qədər qadınlarda bu proses gedə bilir. Bu gün qadınlarda ürəktutması halına daha az rast gəlinir, nəinki kişilərdə. 50-55 yaşında bir kişinin infarkt olması halı həmin yaşdakı qadının infarkt olması halından daha çoxdur. Yəni səbəblər müxtəlifdir. Qadınlar stressdən daha rahat qurtula bilirlər. Kişilərin isə hansısa üzgün, bədbin anlarını göstərmək əvəzinə, ürəyinə saldığını bilirik. Bu və digər amillər səbəbindən qadınlar kişilərdən daha çox ömür sürə bilirlər”.