Mirasla bağlı Mülki Məcəlləyə DƏYİŞİKLİK

 19-05-2025

Mirasdan imtina etməmək, şərti olaraq mirasın qəbulu hesab olunacaq.

MillətinSəsi.İnfo xəbər verir ki, bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.

Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər.

Təklif edilən dəyişikliyə əsasən, vərəsə yuxarıda müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılacaq.

Bundan başqa, irsi transmissiya mirasın qəbul müddətləri ilə məhdudlaşdırılmayacaq.

Mövcud qanunvericiliyə görə, əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır.

Təklif olunan dəyişiklikdə isə qeyd olunur ki, əgər vərəsə miras açıldıqdan sonra ölərsə, ölmüş vərəsənin ilkin miras qoyandan pay almaq hüququ həmin vərəsənin miras əmlakı kimi ümumi qaydada öz vərəsələrinə keçir.

Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.

Bənzər yazılar

0.063899040222168