>

Rusiyada İlham Rəhimovun da biznesi vurulur? - Kürəkəninin adına olan şəbəkə əlindən alındı

 29-08-2025

Rusiyada azərbaycanlılara, xüsusilə də azərbaycanlı iş adamlarına qarşı təzyiqlər deyəsən, Vladimir Putinin dostu kimi tanınan İlham Rəhimova da çatıb.

Məlum olduğu kimi, bəzilərinin “Putin İlham” da adlandırdığı “oliqarx-professor” Rəhimovun Rusiyada dəyəri milyardlarla ölçülən biznesinin olduğu bildirilir.

AzPolitika.info” xəbər verir ki,  Rusiya RBK-sının yazdığına görə, Rusiyanın Şeremetyevo hava limanındakı ən böyük rüsumsuz mağazalar operatoruna aid “Duty free” obyektləri azərbaycanlı iş adamı Araz Mehdiyevdən alınıb. Avqustun 25-dən etibarən bu mağazalar Vitali Bavin adlı şəxsin adına keçib.

A.Mehdiyev haqqında rəsmi mənbələrdə çox az məlumat var. O, Rusiyanın ən böyük kirayəçisi olan “Kiyevski Ploşad” qrupunun bir sıra layihələrində keçmiş tərəfdaş kimi qeyd olunub. Ən əsası isə A.Mehdiyev İlham Rəhimovun kürəkənidir. Bunu Rəhimovun özü də müsahibələrinin birində təsdiqləyib və qeyd edib ki, biznesinin böyük hissəsini ona dövr edib.

Məlumata əsasən, Bavin son iki il ərzində bu operatorun – “Travel Retail Şeremetyevo” MMC-nin baş direktoru olub. İndi isə o, şirkətin yeganə sahibi kimi çıxış edir.

Vitali Bavin haqqında açıq mənbələrdə çox az məlumat var. Bildirilir ki, Bavin 2015–2023-cü illərdə “Şeremetyevo”dakı digər böyük operator – “İmperial Duty Free” ASC-yə rəhbərlik edib. O həm də “Port Alliance SC” şirkətinə rəhbərlik edib. Bu şirkət hava limanında spirtli içkilərin satışı ilə məşğuldur.


Araz Mehdiyev

“Travel Retail Şeremetyevo” MMC 2022-ci ilin payızında yaradılıb. Federal Gömrük Xidmətinin reyestrinə görə, hazırda “Şeremetyevo”dakı rüsumsuz mağazaların çoxu bu şirkətə məxsusdur.

Şirkət təkcə ərzaq və aksesuar satışı ilə kifayətlənmir, həm də “Max Mara”, “Hugo Boss”, “CK Underwear”, “Swarovski” kimi brendlərin mağazalarını idarə edir. 2024-cü ildə onun gəliri 12,4 milyard rubl təşkil edib ki, bu da əvvəlki illə müqayisədə iki dəfə çoxdur.

Araz Mehdiyev yalnız “Şeremetyevo” ilə kifayətlənməyib. O, “Domodedovo” hava limanında da rüsumsuz mağazaların operatoru olan “Travel Retail Domodedovo” MMC-yə sahib olub. Bundan başqa, iş adamı “Imperial Duty Free” şirkətində də pay sahibi idi. Burada “Bulgari”, “Max Mara”, “Etro”, “CK Underwear” kimi brendlərin mağazaları fəaliyyət göstərir.

Amma 2025-ci ildə Kipr və Marşal adalarında qeydiyyatdan keçmiş şirkətlər vasitəsilə Mehdiyev bu strukturlardakı paylarını itirib. Yeni sahiblərin kimliyi isə açıqlanmır.

“Şeremetyevo” hava limanının mətbuat xidməti RBC-yə bildirib ki, “Travel Retail Sheremetyevo” müstəqil hüquqi şəxsdir və sərnişin xidmətinin keyfiyyət standartlarına uyğun olaraq müqavilələr əsasında fəaliyyət göstərir.

Belə olan halda, Şeremetyevodakı mağazaların A.Mehdiyevin deyil, İ.Rəhimovun əlindən çıxdığı qənaəti yaranır. Mağazaların Bavin adlı şəxsə ötürülməsinin formal xarakterli gediş olduğu, yoxsa həqiqətən Rəhimovdan alındığı sualı isə açıq qalır.

AzPolitika.info

Bənzər yazılar

0.080402851104736