Vərəsə vərəsəlik şəhadətnaməsi alınanadək mirasa dair sərəncam verə bilməyəcək.
MillətinSəsi.info xəbər verir ki, bu, Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə görə, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, mirasın açıldığı gündən altı ay keçənədək və ya miras hüququ haqqında şəhadətnamə alınanadək mirasa dair sərəncam verə bilməz.
Təklif edilən dəyişiklik layihəsində isə sərəncam vermə hüququ yalnız vərəsəlik şəhadətnaməsi aldıqdan sonra olacaq.
Belə ki, layihədə qeyd olunur ki, digər vərəsələrin gəlməsini gözləməyən və mirasa sahiblik etməyə və ya onu idarə etməyə başlayan vərəsə, xəstəlik zamanı miras qoyana qulluq, onun müalicəsi və dəfn edilməsi, miras qoyanın öhdəsində olmuş şəxslərin saxlanması, əmək haqqının ödənilməsi, mirasın mühafizə və idarə edilməsi xərclərindən başqa, vərəsəlik şəhadətnaməsi alınanadək mirasa dair sərəncam verə bilməz.
Bundan başqa, vərəsənin mirasın siyahıya alınmasını tələb etməsinə dair qaydalar dəyişir. Mövcud qanunvericiliyə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.
Təklif edilən dəyişikliyə əsasən, vərəsə mirasın qəbulundan imtina üçün yuxarıdakı müddət bitənədək notarius tərəfindən mirasın siyahıya alınmasını tələb edə biləcək.
Mirasın siyahıya alınması barədə vərəsənin notariusa müraciət etdiyi andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı dayandırılacaq. Mirasın notarius tərəfindən siyahıya alındığı (siyahıya alınacaq əmlakın olmadığı hallarda isə vərəsənin müraciətinin cavablandırıldığı) andan mirasın qəbulundan imtina üçün müəyyən edilmiş müddətin axımı bərpa ediləcək.
Notarius tərəfindən mirasın siyahıya alınması bu barədə müraciətin daxil olduğu gündən iki ay ərzində "Notariat haqqında" qanunla müəyyən edilmiş qaydada həyata keçiriləcək.
Mövcud qanunvericiliyə əsasən, vərəsə mirasın siyahıya alınmasını tələb edə bilər. Bunun üçün ikiaylıq müddət verilir və bu müddət mirasın qəbulu üçün ümumi müddətə daxil olur.
Həmçinin, mirasın siyahısı notarius tərəfindən tərtib edildikdə vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyacaqlar. Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir və bu halda vərəsələr miras qoyanın kreditorları qarşısında mirasdan alınmış aktiv həddində məsuliyyət daşıyırlar.
Qanun layihəsi parlamentin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə edilib.