Beynin funksiyalarını yerinə yetirməyə imkan verməyən xəstəliklər mövcuddur. Demensiya beynin funksiyalarının yavaş-yavaş sıradan çıxması, yaddaş, düşünmə, davranış qabiliyyətinin tədricən pozulması ilə nəticələn nevroloji haldır. Bu simptomplar bir çox xəstəliyə, xüsusilə, alzheimerə səbəb olur.
Son zamanlar insanlar yaddaşsızlıqdan şikayət edirlər. Əslində, demensiyanın əlamətləri də tədricən yaddaşın itməsi, son hadisələri unutmaq, eyni sualı təkrarlamaq, sadə məsələlərdə çətinlik çəkmə, hansı gündə olduğunu unutmaqdır. Hətta iş o yerə çatır ki, insanlar öz yemək, gigiyena vərdişlərini də unudur və dəyişirlər
Azərbaycanda da bu alzheimerdən əziyyət çəkənlər var. Lakin onların sayı barədə məlumat yoxdur.
Milli Məclisin plenar iclaslarının birində bu məsələyə toxunan Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bildirib ki, Azərbaycanda alzheimer diaqnozulu xəstələrin rəsmi statistikası olmasa da, belə xəstələr var.
Deputat onlara sosial xidmətlərin göstərilməsinin mühüm məsələ olduğunu, gələcəkdə bununla bağlı sosial proqramların nəzərdə tutulacağını inandığını bildirib.
Biz də digər xəstəliklər kimi bu xəstəlikdən əziyyət çəkənlərin statistikasını öyrənməyə cəhd etdik.
Alzheimer xəstələrinin sayı ilə bağlı Dövlət Statistika Komitəsinə (DSK) sorğu ünvanladıq. Qurumdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirdilər ki, bu məsələ Komitə tərəfindən müşahidəsi aparılan göstəricilər siyahısına aid deyil.
Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzindən Bizim.Media-nın sorğusuna cavab olaraq isə bildirilib ki, demensiyalı xəstələrin ümumi sayı yaş həddinin artması ilə yüksəlir və 65 yaşdan sonra hər 5 ildən bir 2 dəfə artır:
Məlumata görə, ümumilikdə demensiyanın yayılması 65 yaş və daha yuxarı yaşlarda 2,2-8,4% təşkil edir.
Qeyd edilib ki, alzheimer xəstəliyi demensiyanın ən yayılmış səbəblərindən biridir. Bu xəstəlik iki formada müşahidə olunur:
“Erkən başlanğıclı Alzheimer xəstəliyi – simptomlar 65 yaşdan əvvəl başlayır. Gec başlanğıclı Alzheimer xəstəliyi – simptomlar 65 yaş və daha sonra meydana çıxır”.