“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə yeni Aparat rəhbəri təyin edilib.
MillətinSəsi.İnfo “Qaynarinfo.az”a istinadən xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Rüfət Mahmudovun müvafiq əmri ilə sözügedən vəzifəyə Fuad Xəlilov gətirilib.
Xatırladaq ki, bundan əvvəl “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri İntiqam Babayev vəzifəsindən azad olunaraq, Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinə müdir təyin edilib.
F.Xəlilov buna qədər “EasyCep Azərbaycan” Şirkətinin İdarə Heyətinin sədri olub.
"Bakupost.az"-ın məlumatına görə,Fuad Xəlilo peşəkar karyerasına 2000-ci ildə NIKOIL Bank-da girov bölməsi üzrə mütəxəssis kimi başlayıb, sonrakı illərdə Bank Standard Azerbaijan-da müxtəlif vəzifələrdə fəaliyyət göstərib. O, burada 11 ildən artıq müddətdə filial direktoru, pərakəndə kreditlər şöbəsinin müdiri və kreditlər şöbəsinin baş mütəxəssis kimi çalışıb.
2016-cı ildə sığorta sektoruna keçid edən Xəlilov "Standard Sığorta" ASC-də İdarə Heyətinin sədri vəzifəsini icra edib. 2020-ci ildə qısa müddət Dövlət Məşğulluq Agentliyində sədrin müşaviri kimi də fəaliyyət göstərib.
Mobil rabitə və texnologiya sektorunda da təcrübə qazanan Fuad Xəlilov 2017–2021-ci illərdə “Bakcell”də B2B satış və Məhsul Marketinq Departamentinin rəhbəri olub.
Daha sonra “Azerconnect” Qrupunda 4 ildən artıq müddətdə müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, həm B2B şöbəsinin müdiri, həm də B2B və FIXED məhsulların satışı şöbəsinin rəhbəri olub.
2023-cü ilin avqust ayından etibarən isə “EasyCep Azərbaycan” şirkətində İdarə Heyətinin sədri vəzifəsini icra edirdi.