"II Qareginlə hələlik görüşmək istəmirəm. Onunla görüşməyi özümə yaraşdırmıram".
MillətinSəsi.İnfo xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam hacı Allahşükür Paşazadə deyib.
O bildirib ki, Qaragin dini sifətindən başqa, siyasi sifətə də bürünüb: "Din adamının bu qədər siyasətə qoşulması düzgün deyil. Ona görə də onunla görüşmək fikrim yoxdur. İrəvan qazılığı yaradılmayıb, bərpa edilib. O ərazilər bizim əbədi torpaqlarımızdır. İrəvan qazılığının bərpa olunmasına Ermənistanın münasibəti bizi maraqlandırmır".
O bildirib ki, 1988-ci ildə azərbaycanlılar İrəvandan deportasiya edildikləri üçün oradakı qazılığın fəaliyyəti dayandırılmışdı:
"Biz ümid edirik ki, yenidən öz torpaqlarımıza qayıdacağıq və tezliklə o torpaqlarda da qazılıq fəaliyyət göstərəcək. Azərbaycanda dinlər və mənsəblər arasında hər hansı münaqişə yoxdur. Dünyanın bəzi yerlərində isə müsəlmanlar arasında iğtişaşlar baş verir".
O bildirib ki, Dünya Müsəlman Ağsaqqallar Şurasının keçirdiyi konfransda islamdaxili münasibətlərin düzgün qurulması ilə bağlı qərar qəbul edilib:
"Orada qeyd edildi ki, Azərbaycandan bu sahədə nümunə götürülməlidir. Yazılı bəyannamə qəbul edildi. Bu yaxınlarda biz o bəyannaməni çap edəcəyik. Gələn il Azərbaycanda Müsəlman Ağsaqqallar Şurasının konfransı keçiriləcək".
Allahşükür Paşazadə deyib ki, yaxın vaxtlarda Müsəlman Ağsaqqal Şurasının Vatikanda görüşü planlaşdırılır. O bildirib ki, Vatikanda Roma Papası Robert Frensis Prevo ilə görüş nəzərdə tutulub:
"Ümid edirəm ki, digər Roma papaları kimi, o da yaxın zamanlarda Azərbaycana səfər edəcək".