Göz əməliyyatı olunmuş vətəndaş Humay Əliyeva görmə qabiliyyətini itirdiyini deyir. Tanınmış oftalmoloq Cahid Şahbazovun əməliyyat etdiyi qadının sol gözü görmə qabiliyyətini itirib.
Bu barədə “Qafqazinfo”ya qadın özü məlumat verib.
Məsələ ilə bağlı çıxış edən gənc xanım bildirib ki, əməliyyat ötən il icra olunub:
“”Caspian Hospital”da işləyən göz həkimi Cahid Şahbazov tərəfindən yanlış göz müayinəsi və diaqnozu, həmçinin onun tərəfindən həyata keçirilən savadsız əməliyyat nəticəsində sol gözüm yararsız vəziyyətə düşüb. Görmə qabiliyyətimi itirmişəm, əzələ və sinirlərim iflic olub. Şiddətli ağrılardan əziyyət çəkirəm. Hüquq-mühafizə orqanları tərəfindən təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunub ki, əməliyyatdan əvvəl gözümdə Cahid Şahbazovun təyin etdiyi xəstəlik diaqnozu ilə bağlı heç bir problem olmayıb. Tamamilə sağlam imiş.
Səbail rayon prokurorluğunda araşdırılan iş hələ də məhkəməyə göndərilməyib. Xahiş edirəm ki, bu iş yekunlaşdırılaraq məhkəməyə göndərilsin.
Onu da qeyd etmək istəyirəm ki, mənim timsalımda Cahid Şahbazovun qurbanı olan yüzlərlə xəstələr var. C.Şahbazov isə onlara deyir ki, siz mənə heç nə edə bilməzsiniz.
H.Əliyeva eyni zamanda məsələni sosial şəbəkə hesablarında ictimailəşdirib. Maraqlıdır ki, qadının videomüraciətinə tanınmış stilist Anar Ağakişiyev də rəy bildirib və oxşar problemlə üzləşdiyini qeyd edib: “Allah köməyiniz olsun. Demək olar ki, məni də bənzər vəziyyətə qoyub”.
İddialarla bağlı Cahid Şahbazovun mövqeyini öyrənməyə çalışdıq. Amma həkimin köməkçisi sözügedən informasiyadan xəbərdar olduqlarını desə də, Cahid Şahbazovun açıqlama vermək istəmədiyini əlavə etdi.
