Ötən gün “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni əsilli rusiyalı biznesmen Samvel Karapetyanın İrəvandakı evində axtarış aparılıb.
Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, Karapetyan artıq Ermənistanda saxlanılıb.
Bu barədə onun vəkillərindən biri Armen Feroyan bildirib.
Onun sözlərinə görə, Samvel Karapetyan barəsində cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Vəkil Karapetyanın hakimiyyəti ələ keçirməyə açıq çağırışlarda ittiham olunduğunu qeyd edib.
Feroyanın sözlərinə görə, Karapetyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir və bu ittihamları qanunsuz adlandırır.
Biznesmenin digər vəkili Liana Qasparyan isə qeyd edib ki, o, Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunur. Bu maddə ilə nəzərdə tutulmuş həbs-qətimkan tədbiri təkcə həbsi deyil, həm də ictimai işləri və cərimələri nəzərdə tuta bilər.
Qasparyan həmçinin qərardan apellyasiya şikayəti verəcəklərini bildirib.
Digər tərəfdən, Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, iş adamı Samvel Karapetyan dünən kilsəni müdafiə edən bəyanatı ilə Ermənistanı hədələyib. Parlamentdə jurnalistlərlə söhbətində hökumət başçısı bildirib ki, heç kimə ölkə və dövlət haqqında belə tonda danışmağa imkan verməyəcək.
Onu da bildirək ki, Rusiyanın “Taşir” şirkətlər qrupunun rəhbəri, erməni əsilli iş adamı Samvel Karapetyan Ermənistanda saxlanılıb və onun barəsində həbs qətimkan tədbiri seçilib.
Məşhur “Forbes” nəşrinin siyahısına əsasən hazırda Samvel Karapetyanın 4 milyard dollar sərvəti var.
“Forbes”ə görə Samvel Karapetyan Rusiya vətəndaşı Albert Avdolyandan sonra bütün dünyada ən zəngin erməni əsilli şəxs hesab edilir.
1965 ci ilin avqustunda Ermənistan SSR-in Taşir (əvvəl Kalinino) şəhərində doğulan Karapetyan, Yerevan Politexnik İnstitutunu bitirdikdən sonra 1990-cı illərdə Rusiyaya köçərək Kaluqa şəhərində “Gazprom”a xidmət edən logistika şirkətinə rəhbərlik etməyə başlayıb.
1999-cu ildə “Taşir Group”u yaradıb. Bu holdinqə bağlı 200-dən çox şirkət fəaliyyət göstərir və işçilərinin ümumi sayı 30 mindən çoxdur.
Samvel Karapetyanın Rusiyadakı əsas biznes sahələri aşağıdakılardır:
- Ticarət mərkəzləri: “RIO” brendi altında 16 ticarət kompleksi, 1,1 milyon m² ticarət sahəsi;
- Ofis və anbar sahələri, təxminən 98 000 m² ofis, 48 000 m² anbar;
- 8 otel, o cümlədən məşhur “Novotel Moscow City” və “Ararat Park Hotel Moscow”otelləri;
- Moskva və regionlarda çoxsaylı yaşayış, ofis layihələri inşa edib.
Eyni zamanda, Samvel Karapetyan Moskvada uzunmüddətli müqavilələr imzalayıb və mərkəzi küçələrin işıqlandırılmasını həyata keçirib.
Samvel Karapetyanın İrəvanda iki böyük ticarət mərkəzi var. Ermənistanın Elektrik Şəbəkələri şirkəti (“Electric Networks of Armenia”) ilə Hrazdan Termik Elektrik Stansiyasının səhmlərini də alıb.
O, həmçinin Moskvadakı “Ararat” futbol klubunu dəstəkləyir və erməni iş adamlarından ibarət “Association of Armenian Entrepreneurs” təşkilatına rəhbərlik edir. Qardaşı Karen Karapetyan isə Ermənistanın tanınmış siyasətçilərindən biridir.
Onu da qeyd edək ki, Azərbaycan Prokurorluğu 2021 ci ildə Karapetyan barəsində Cinayət Məcəlləsinin 5 maddəsi (100.1, 218.1, 228.3, 279.1 və 206.4-cü) ilə cinayət işi açıb və o, beynəlxalq axtarışa verilib. Həmin şirkət rəhbərləri arasında Samvel Karapetyan da olub.
Samvel Karapetyan eyni zamanada Rusiya Prezidenti Vladimir Putinə yaxın olan iş adamı kimi ABŞ-nin sanksiya siyahısına salınıb.
Xatırladaq ki, Samvel Karapetyan həm də “Elseti Armenia”nın sahibidir. O rəsmi olaraq milyarderdir.