Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) və ADA Universiteti arasında strateji tərəfdaşlıq çərçivəsində növbəti təlim-tədris və liderlik inkişaf proqramına start verilib.
Proqramın əsas məqsədi şirkətin rəhbər heyətinin liderlik bacarıqlarını daha da inkişaf etdirməkdir.
Tədbirin açılışını həyata keçirən ADA Universitetinin Akademik İşlər üzrə Prorektorunun Müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva çıxışında ADA Universitetinin ölkə təhsilinin inkişafına verdiyi töhfələrdən və bu ali təhsil müəssisəsinin əldə etdiyi nailiyyətlərdən bəhs edib.
Aygün Hacıyeva statistik məlumatlarla çıxış edərək universitetin həm özəl, həm də dövlət qurumları ilə həyata keçirdiyi müxtəlif təlim və inkişaf layihələrinə diqqət çəkib.
Aygün Hacıyeva Veysəloğlu–ADA tərəfdaşlığının əhəmiyyətinə xüsusi yer ayıraraq, həyata keçirdikləri liderlik proqramlarının şirkətin insan kapitalına verdiyi strateji dəyəri vurğulayıb.
O bildirib ki, bu təşəbbüs rəhbərlərin idarəetmə, strateji düşüncə və liderlik bacarıqlarının inkişafı üçün unikal imkanlar yaradır.
Çox sayda liderin iştirakını nəzərdə tutan bu ilki proqram nəzəri və praktiki sessiyalardan ibarət olacaq. Proqram çərçivəsində seminarlar, təcrübəyə əsaslanan liderlik inkişaf proqramları və “workshop"lar təşkil ediləcək.
Yeni proqramın ilk təlimi “Growth Mindset” (İnkişaf Yönümlü Zehniyyət) mövzusunda keçirilib. Təlim Şəms Mustafayeva tərəfindən aparılıb və 25 liderin iştirakı ilə baş tutub. Təlim zamanı fərdi və peşəkar inkişaf üçün zehniyyətin rolu, çevik düşüncə, dəyişən şəraitə adaptasiya bacarıqları kimi mövzulara toxunulub. İştirakçılar arasında təcrübə mübadiləsi aparılıb və tətbiq edilə biləcək liderlik yanaşmaları müzakirə edilib.
Xatırladaq ki, ötən il VŞQ və ADA Universiteti əməkdaşlıq çərçivəsində 1500 lider üçün ümumilikdə 770 saatlıq liderlik təlim İnkişaf proqramları: seminar, təlim və master klaslar həyata keçirilib. Bu təşəbbüs Azərbaycanda korporativ liderlik sahəsində nümunəvi və qabaqcıl layihələrdən biri hesab olunur.
Veysəloğlu Şirkətlər Qrupu bu proqram vasitəsilə yalnız daxili idarəetmə keyfiyyətlərini yüksəltməyi deyil, həm də ölkədə müasir, vizyoner və məsuliyyətli liderlərin formalaşmasına töhfə verməyi qarşısına məqsəd qoyur. Liderlikdə davamlı inkişafı təşviq edən bu yanaşma, şirkətin uzunmüddətli uğur strategiyasının əsas dayaqlarından biridir.