Valideyn də övladından aliment tələb edə bilər

 20-05-2025

Dəyərlərin itməsi fonunda məsuliyyət hissi də aradan qalxır. Bir zaman övladlar üçün müqəddəs hesab edilən valideynlər bu gün bəzi hallarda baxımsız, tənha qalır.

Nəzərə alaq ki, valideynlərin yaşlılıq dövründə qarşılaşdıqları maddi və psixoloji çətinliklər daha da ağır olur. Halbuki həm insani, həm dini, həm də hüquqi baxımdan övladların valideynlərinə sahib çıxması, onları qoruması vacibdir.

Bəs bu məsələ qanunvericilikdə öz əksini tapıbmı?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan hüquqşünas Fuad Qasımlı deyir ki, Ailə Məcəlləsində də bu məsələ öz hüquqi əksini tapıb:

“Məcəllənin 82-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Bu maddəyə əsasən valideynlər, əgər onlar özlərini təmin edə bilmirlərsə, övladlarından məhkəmə yolu ilə aliment tələb edə bilərlər. Məhkəmə, övladların maddi imkanlarını, valideynin vəziyyətini və ailədaxili münasibətləri nəzərə alaraq qərar verir”.

Müsahibimiz qeyd edib ki, qanunvericiliyə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur:

“Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir”.

Bənzər yazılar

0.083374977111816