"Sara Qəhrəmanovanın ölən qızı barədə araşdırma apardıq. Ölən qız mətbəxdə əməliyyat olunub. Əməliyyat edən şəxs tibb ixtisası sənədi daşıyıcısı deyil".
MillətinSəsi.info xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev parlamentin bugünkü iclasında bildirib.
Nazir qeyd edib ki, plastik cərrahiyə ilə bağlı xüsusi təftiş komissiyası yaradılıb. Komissiyanın işi nəticəsində Azərbaycan ərazisində plastik cərrahiyyə üzrə fəaliyyət göstərməyə icazə verilən 42 plastik cərrah müəyyən olunub:
"Həmin siyahı ictimaiyyətə çatdırılıb və dərc olunub. Bu siyahıdan kənarda qalan digər tibb ixtisası daşıyıcıları üçün öz ixtisasları çərçivəsində müəyyən əməliyyatları icra etməyə icazə verilib. Bu məsələ öz həllini qanun çərçivəsində tam tapıb. Mövzuya bir də qayıtmaq istəmirəm.
Qəhrəmanova Sara xanımın deputat Səyyad Salahlıya müraciətinə gəldikdə isə, o xanım mənim də qəbulumda olub. O xanımın qızını əməliyyat edən şəxs onu öz evində mətbəxdə əməliyyat edib. Özü də bütün qohumları da bilirdi ki, o insan tibb ixtisası daşıyıcısı deyil. Səhiyyə Nazirliyi məhz tibb işçilərinə cavabdeh ola bilər. O, artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb. Hər hansı bir insan dələduzluq fəaliyyəti ilə məşğul olursa, istər tibb, istər mühəndislik və s. buna mərkəzi icra hakimiyyəti orqanı cavabdeh ola bilməz".
Xatırladaq ki, Milli Məclisin deputatı Səyyad Aran övladı plastik əməliyyat zamanı ölən valideynin şikayətindən danışıb:
"Dünən bir valideyn gəlmişdi. Onun övladı plastik əməliyyat zamanı ölüb. Valideynlər deyirlər ki, həmin həkim fərqli soyadla fəaliyyət göstərir. Nazirlik siyahı dərc etdi, amma hamı bilməlidir ki, həmin şəxslər kimdir. Yaxından tanımalıdır.
Ölən şəxs komaya düşəndən sonra həkim aparıb evinə, görüb ki, sağalda bilmir. Valideynlər etiraz edirlər. Səhiyyə nazirinə müraciət edirəm, plastik cərrahiyə əməliyyatına dair xüsusi mərkəz yaradılsın. Vətəndaş da bilsin ki, hara gedir. 9-cu sinfi bitirmiş şəxsə plastik cərrahiyyə ilə məşğul olmağa kim imkan verib?"
Xatırladaq ki, ötən ilin sentyabrında Yasamal Rayon Prokurorluğunun hadisə ilə bağlı yaydığı məlumatda bildirilirdi ki, "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovanın "liposaksiya-piysovurma" əməliyyatı icra etdikdən sonra Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə, yaşadığı fərdi evə apararaq, onu həkim nəzarətindən kənar saxlayıb. Həmçinin növbəti gün qanaxma baş verdikdə isə xəstəni köməksiz vəziyyətdə qoyaraq keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən Səbirə Vəliyevanın ölümünə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Səbirə Vəliyeva 2024-cü ilin aprelin 16-da cərrahi əməliyyatdan sonra ölüb. İstintaqla "AzE Estetik Mərkəz" MMC-nin direktoru Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. S.Vəliyeva Ü.İlyasovanın eltisi olub. Vəfat edən 40 yaşlı qadının biri qız, biri oğlan olmaqla 10 yaşlı əkiz uşaqları anasız qalıb.
Qeyd edək ki, barəsində şikayət olunan həkim Ülviyyə İlyasovadır. O, hazırda Qurbanova soyadını daşıyır.