İmişlidə 9 May tədbirləri zamanı qaldırılan SSRİ bayrağı və "Georgi lenti"nə görə rayonun Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən kənarlaşdırılıb.
MillətinSəsi.İnfo "Unikal"a istinadla xəbər verir ki, Saleh Səmədovun yerinə müvəqqəti təyin olunan Vahid Tağıyev də dünən müvəqqəti icra etdiyi İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsindən istefa verib.
O, Azərbaycan Ağsaqqallar Şurasının sədri, deputat Eldar Quliyevə ünvanladığı müraciətdə xahiş edib ki, onu İmişli Rayon Ağsaqqallar Şurasının sədri və şura üzvlüyündən azad etsin.
“İlk dəfə Ağsaqqallar Şurasına gələndə bildirmişdim ki, mən bir neçə ay yaxından kömək edib, sonra ayrılaraq sağlamlığımla məşğul olacağam. Odur ki, xahiş edirəm məni həvalə edilmiş İmişli rayon Ağsaqqallar Şurası sədrliyindən və şura üzvlüyündən azad edəsiniz”, - müraciətdə qeyd olunub.
Xatırladaq ki, İmişli Ağsaqqallar Şurasının sədri Saleh Səmədov rayonda keçirilən 9 May tədbirləri zamanı SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış etməsi səbəbindən vəzifəsindən azad edilmişdi. Sədr vəzifəsinin müvəqqəti olaraq birinci müavini Vahid Tağıyevə həvalə olunsa da, sonradan onun da sözügedən tədbirə sinəsinə “Georgi lenti” taxaraq qatıldığı məlum olmuşdu. Onların SSRİ bayrağı və “Georgi lenti” ilə tədbirdə iştirakları cəmiyyətdə narazılıqla qaşılanmışdı.