"Bu qanun layihəsində bir sıra məqamlara yenidən baxılmalıdır. Təqdimatçılar qanun layihəsinin qəbulunu vətəndaş məmnunluğunun yaradılmasına gətirib çıxarılmasını bildirirlər. Amma indidən mətbuatda bu qanun ətrafında xeyli dərəcədə narazılıqlar var. Bu layihədə xeyli dərəcədə ziddiyətli məqamlar var. Təqdimatçılar qeyd edir ki, bu qanunun əsas məqsədi tariflərdə xərclərin daha dəqiq əks etdirilməsidir. Növbəti cümlədə deyirlər ki, bu, qiymətlərin artmasına təsir göstərməyəcək".
Bizim.Media xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentin növbədənkənar sessiyasının bugünkü iclasında "Qaz təchizatı haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, indi olmasa da bu, sonrakı mərhələdə qazın qiymətinin artmasına gətirib çıxaracaq:
“Bu xidmət sahələrindən olan adamların çıxışlarında göstərilir ki, istilikdi, sudu və s. sahələrdə xərclər əhaliyə satdığımız qiymətdən xeyli çoxdur. Burdan belə məntiq çıxır ki, əgər söhbət xərclərin dəqiqləşdirilməsidirsə, indi olmasa da bu, sonrakı mərhələdə qiymətlərin artmasına gətirib çıxaracaq. Hansı ölkələrdə qazla, istiliklə bağlı bu dərəcədə inhisarlaşmış bir şəraitdə bu üsuldan istifadə olunur? Hansı ölkələrdə bizdəki qədər keyfiyyətdə problem olanda təklif olunan üsuldan istifadə olunur? Bu suallar həddən artıq çoxdur".
Deputat qanun layihəsində dəfələrlə qaldırılan və müzakirə olunan limitlərin ləğvi və rayonlardakı əhaliyə güzəştlərin olunması məsələsinin yer almasını daha məqsədəuyğun hesab edib:
"Açıq formada qeyd edirəm ki, rüsumlarla, cərimələrlə büdcəni doldurmaq mümkün olmadığı kimi belə şeylərin xərclərini də tamamlamaq olmayacaq. Biz dəfələrlə limitlərin aradan qaldırılması, xüsusilə, dağ kəndlərində yaşayanlar üçün güzəştlərin edilməsi məsələsini qaldırmışdıq. Amma tərsinə belə bir məsələ gəlib. O insanlar qazın pulunu ödəyə bilmir, buna görə qazı bağlayır. Odun ala bilmir, həyətindəki ağacları kəsirlər. Bu nə məntiqdir ki, insan qazın pulunu verə bilmir, ağacları kəsir amma ona deyəsən ki, sən işlətmədiyin qaza görə xərc ödəməlisən”.