Süni intellekt həkimləri ƏVƏZ EDİRBöyük işsizlər ordusu yaranacaq?

 20-05-2025

Xəbər verdiyimiz kimi Çinin “Synyi AI” şirkəti Səudiyyə Ərəbistanında dünyanın ilk süni intellekt həkiminin çalışdığı klinikasını işə salıb.

Belə ki, süni intellekt həkim olan Dr. Hua xəstələri qəbul edir, şikayətləri toplayır, məlumatları təhlil edir və müalicə planı verir. Daha sonra müayinələr canlı həkim tərəfindən nəzərdən keçirilir.

Hazırda Dr Hua 30 növ xəstəliklərlə işləyir, lakin 50 diaqnozu genişləndirməyi və yeni klinikalar açmağı planlaşdırır.

Ölkəmizdə də oxşar yenilik tətbiq oluna bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru Adil Qeybulla deyib ki, süni intelektin tibb sahəsində böyük imkanları olacaq:

“Ən azı beyində assosativ əlaqələrin yaradılması baxımından. Təsəvvür edin ki, təbabətdə olan bütün simptomlar, sindromlar, laborator göstəricilər, instrumental müayinə göstəriciləri - bunlar hamısı yaddaşa daxil ediləcək. Süni intellekt qısa bir zaman ərzində verilən məlumatlar əsasında yeni nəticələr ortaya çıxara biləcək.

Bu gün bununla bağlı kifayət qədər imkanlar var. Süni intellektin yaradıcı təfəkkürü olmasa da, kifayət qədər məntiqi nəticələri ortaya çıxartmaq imkanları olacaq. Bu baxımdan hesab edirəm ki, həkimlərə, orta tibb işçilərinə  və tibbi-texniki işçilərə süni intellekt böyük yardımçı olacaq”.

“Həkimə hər zaman ehtiyac olacaq”

Müsahibimiz onu da qeyd edib ki, bəzi instrumental metodların nəticələrinin müqayisəli dəyərləndirilməsində də süni intellektin böyük imkanları olacaq:

“Təsəvvür edin, kompüter tomoqrafiya müayinəsində, maqnit-rezonans müayinəsində verilən nəticələr əslində proqram, analitik nəticələrdir. Əvvəllər bir rentgen şəkli ilə bu fiks olunurdusa, indi çoxsaylı şəkillər əsasında ümumi nəticə hasil olunur. Süni intellekt həm də onun diaqnostik məzmunu, aşkar edilən patoloji törəmələrin dəyişikliklərin məzmunu haqqında yetərincə səhih məlumatlar verəcək.

Həkimin də orda iştirakı ona görə vacibdir ki, verilən nəticələri bir daha yoxlasın, ona əmin olsun. Bununla belə həkimə ehtiyac hər zaman olacaq. Yəni süni intellektin həkimi 100 faiz əvəz etməsi mümkünsüzdür”.

Bənzər yazılar

0.065327167510986