Müəllimə şokolad hədiyyəsi trendi rüşvətdir? - Video

 11-12-2024

Məncə, zərərsiz trenddir və burada neqativ axtarmaq düzgün deyil. Tələbələr bununla dəyər verdikləri müəllimlərə sevgilərini ifadə edirlər.

Bu sözləri Kult.az-a açıqlamasında tanınmış alim, dosent Zaur Əliyev şagirdlərin müəllimlərinə şokolad hədiyyə etmək trendi haqda danışarkən deyib.

O bildirib ki, müəllimin tələbə və ya şagirddən nəsə almasına qarşıdır və buna neqativ yanaşır:

“Amma bu, bütün dünyada müəllimə sevgi izharı kimi trendləşib. Bilirsiniz ki, mənim tələbələrim də bu addımı atdı. Əslində bu təşəbbüsü onlara qadağan etmişdim. Ancaq qarşılarını ala bilmədim və doğrusu, tələbələrin müəllimlərə verdiyi dəyər kimi bu, məni həm də təsirləndirdi, kövrəltdi. Bu təşəbbüs şagirdlərin, tələbələrin öz içindən gəlirsə, mane olmağa, qarşısını kəsməyə heç bir ehtiyac yoxdur. Əvəzində müəllimlər o hədiyyələri aztəminatlı ailələrə, uşaq evlərinə verməklə, aksiyanın məcrasını daha xoş bir istiqamətə yönəldə bilərlər və mən də bunu etdim”.

Alim qeyd edib ki, trendə çevrilən bu addımın bəziləri tərəfindən “rüşvət” adlandırılması doğru deyil:

“Rüşvət belə olmur, “bəs necə olur” sualına isə cavab vermək artıqdır - Azərbaycanda yaşayan hər kəs rüşvətin nə və necə olduğunu yaxşı bilir. Digər tərəfdən, niyə gəncləri, uşaqları müəllimlərinə sevgilərini ifadə etməkdən məhrum etməliyik? Qoy, müəllimlər də, tələbə və şagirdlər də sevgi görsün, onda tədrisin keyfiyyəti də qalxır. Müəlliminə çox böyük hörmət qoyan tələbələrin o fənni necə sevə-sevə oxuduğunu bilmirikmi? Biz də şagird, tələbə olmuşuq: sevdiyimiz müəllimin dərsində daha intizamlı olmuşuq, o fənni daha çox sevib, hazırlaşmışıq. Adətən şagirdin gələcək ixtisas seçimini həmin fənni tədris edən müəlliminə hörməti, sayğısı həll edir.

Əgər bir müəllimin alnı açıq, vicdanı təmizdirsə, o, bu kadrların yayılmasından narahat olmamalıdır.

Müəllimə sevgini deyil, sosial şəbəkələrdə əxlaqsızlığı təbliğ edən yüzlərlə, minlərlə “trend”lərə qarşı çıxmaq lazımdır”.

Bənzər yazılar

0.095641136169434