“Melissa Group” içində yaşayış olan daha bir evi dağıdıbmış: Beşmərtəbə villanı “gecəqondu” adı ilə sökürmüş – VİDEO

 28-03-2025

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb. Söküntü zamanı daxilində yaşayış olan evin bir hissəsi ekskavator vasitəsilə dağıdılıb.

MillətinSəsi.İnfo “azxeber.com”a istinadən xəbər verir ki, bu, tikinti şirkətinin qanunsuz əməli ilk deyil.

Belə ki, eyni hadisə keçən ilin oktyabr ayının 21-də Yasamal rayonu, Birinci Alatava qəsəbəsində baş verib. Eyni ssenari üzrə hərəkət edən şirkət əməkdaşları yaşayış olan evləri sökməyə başlayıblar.

Yasamal rayonu, Alatava qəsəbəsində tikinti işi aparan şirkətin qanunsuz dağıtdığı evin sahibi Həbib Hacıyev deyib ki, 2024-cü il dekabrın 24-də üzərində mənim – yəni ev sahibinin adı, içərisində isə Məlahət Hacıyevanın adı qeyd edilmiş bildiriş məktubu almışıq: "Məlahət Hacıyeva adında bizim heç bir ailə üzvümüz və yaxınımız yoxdur. Onlar telefonda dedilər ki, bu, texniki səhvdir, məhkəmə elə-belə prosesdir, formaldır, siz məhkəməni ciddiyə almayın, biz onsuz da sizinlə razılığa gələcəyik. Mən də dedim ki, məhkəmə dövlətin ən ali strukturudur, necə qeyri-ciddi proses ola bilər? Siz nə danışırsınız?”

O qeyd edib ki, bildiriş məktubu orfoqrafik səhvlərdən oxunmayıb:

“Bildiriş məktubunda yazılmışdı ki, “sizin sənədsiz-sübutsuz gecəqondu evinə 173 min manat kompensasiya veririk, ya 10 günə evi boşaldın, ya da məhkəməyə verəcəyik. Bunlar mənim beşmərtəbə villama “gecəqondu” deyirlər, üstəlik, evimin çıxarışı var.

Ev sənədli-sübutlu bizə aiddir. Hətta mənim vəkilim belə bu iddiaya gülmüşdü ki, komediyadır, çıxarışı ləğv etdirmək üçün mülkiyyəti olan şəxsi necə məhkəməyə verirsiniz? Mülkiyyət konstitusiya ilə qorunur. Əsassız iddia idi, sadəcə, məhkəməyə veriblər. Nə qara məqsədləri olduğunu bilmirəm.

Qanunsuz fəaliyyətlərinə qanuni don geyindirməyə çalışırdılar. Məhkəmədə gedən proseslərdə əsaslı heç nə ortaya qoya bilmədilər. Hakim bizim lehimizə qərar çıxarmışdı ki, evin ətrafında hər hansısa bir ağır tikinti texnikası işlətmək olmaz, qadağandır, qəti şəkildə. Lakin “Melissa Park” şirkəti məhkəmə qərarını çeynədi, daha da azğınlaşdılar. Anamla birgə bu gün ayaq nahiyəmdən mənə də xəsarət yetiriblər. Xəstəxanadan indi gəlmişəm”.

"Melissa Group”tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib.

Vətəndaşlar arasında qorxu və çaşqınlıq yaradan hadisədən 5 ay keçdikdən sonra eyni hal yenidən təkrarlanıb.

Qeyd edək ki, baş verən söküntünün Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Araşdırma aparılır.

Bənzər yazılar

0.075463056564331