Bakıda fəaliyyət göstərən klinikaların birində əməliyyat proseduru zamanı daha bir qeyri-etik görüntülər yayılıb.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə jurnalist Pərvin Abışova sosial şəbəkə hesabında paylaşım edib.
Görüntülərdə qadın xəstənin bədəni çılpaq halda nümayiş olunub.
Jurnalist bildirib ki, videoda Abdullayeva Gülbədə digər həmkarları ilə sözügedən məqamda oynayaraq videoçəkiliş edib.
Pərvin Abışova qeyd edib ki, adıçəkilən tibb işçisi əvvəl saç ustası olub.
Məlumata görə, görüntülər “Dost Estetik Mərkəzi”ndə çəkilib.
Məsələ ilə bağlı "Dost Estetik Mərkəzi" ilə dəfələrlə əlaqə yaratmağa çalışsaq da, zənglərimiz cavabsız qalıb. (Bizim.Media)
Bakıda liposaksiya prosesini icra edən şəxsin peşə fəaliyyətinə zidd olan görüntüləri ilə bağlı iki qurum araşdırmalara başladı.
Baş Prokurorluqda "Dost Estetik Mərkəzi"ndə Güllbədə Abdullayeva tərəfindən icra edildiyi bildirilən əməliyyatla bağlı araşdırma başlanılıb.
Həmçinin faktla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də araşdırma apararaq, məsələyə münasibət bildirib.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən (AEM) qeyd olunud ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə adı hallanan Abdullayeva Gülbadə Əlqismət qızının adı Səhiyyə Nazirliyinin Tibb işçilərinin vahid reyestrində mövcud deyil və tibbi fəaliyyətlə məşğul olmaq səlahiyyəti yoxdur.
Bildirilib ki, AEM tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan müraciətlər əsasında araşdırmalar aparılır və qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir:
"Daxil olan sorğularda əməliyyatın "Dost Estetik Mərkəzi"ndə keçirildiyi bildirilir. Digər müraciətdə isə həmin şəxsin "UĞUR Estetik Mərkəzi 777" adlı müəssisədə çalışdığı qeyd olunur. Hər iki müəssisə tibb müəssisəsi deyil və müvafiq tibbi fəaliyyət göstərmək üçün lisenziyaları yoxdur.
"Dost Estetik Mərkəzi"nin adı Analitik Ekspertiza Mərkəzinin özəl tibb müəssisələrinin bazasında, eləcə də Dövlət Vergi Xidmətinin Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumat bazasında mövcud deyil".
Həmçinin qeyd olunub ki, araşdırma zamanı sahibkar Xəyalə Aydın qızı İsmayılovaya məxsus "UĞUR Estetik Mərkəzi 777"in lisenziya olmadan tibbi fəaliyyət göstərdiyi müəyyən edilib:
"Yoxlama zamanı kosmetoloji xidmətlər göstərilən, tibbi avadanlıqlarla təchiz edilmiş otaqlarda pasiyent qəbulu və prosedurların icrası faktları aşkarlanıb. "UĞUR Estetik Mərkəzi 777" ilə bağlı AEM tərəfindən 2023-2025-ci illər ərzində dəfələrlə plandankənar yoxlamalar aparılmış, aşkar edilən pozuntularla bağlı ümumilikdə 5 inzibati protokol tərtib edilərək, Azərbaycan Respublikasının "İnzibati Xətalar Məcəlləsi"nin 210.1-ci maddəsi üzrə cərimə olunması barədə qərar qəbul olunub.
Göstərilənlərlə yanaşı, müəssisə lisenziya olmadan fəaliyyətini davam etdirdiyindən, Səhiyyə Nazirliyi tərəfindən hüquq-mühafizə orqanları qarşısında vəsatət qaldırılaraq Xəyalə Aydın qızı İsmayılovaya məxsus "UĞUR Estetik Mərkəzi 777" müəssisəsinin qanunsuz fəaliyyətinin araşdırılması ilə bağlı müraciət edilib".






































