Azərbaycanlı universitet məzunu Pərvanə Ağazadə TOP 10 universitetlər sırasında yer alan ABŞ-nin Yale Universitetinə qəbul olub.
MillətinSəsi.İnfo xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) məlumat yayıb.
Bildirilib ki, Beynəlxalq İqtisadiyyat Məktəbinin (lSE) 2024- cü il məzunu olan P. Ağazadə Yale Universitetində “Asset Management” ixtisası üzrə magistr təhsili alacaq.
2020-ci ildə 662 bal toplayaraq, UNEC-ə qəbul olan Pərvanə Ağazadə Prezident Təqaüdçüsü idi. O, bakalavr pilləsini 99.2 ortalama ilə bitirmişdi.
P. Ağazadə təhsildə yüksək nailiyyətlərinə görə həm də “Heydər Əliyev adına Təqaüd” mükafatçısı olub.
Universitet illərində bütün semestrlərdə TOP-15 təqaüdünü qazanıb. O, ACCA “Financial Accounting” imtahanında topladığı 99% nəticə və IELTS 8.5 bal ilə ölkə üzrə ən yüksək nəticə göstərənlər siyahısındadır.
Bir ildən çox “KPMG Azərbaycan” şirkətində Audit departamentində çalışan P. Ağazadə hazırda “bp Azərbaycan” şirkətində Maliyyə işləri üzrə Analitik vəzifəsində çalışır.