Bəzi insanlar haqqında deyiləcək söz tapmaq yox da haradan başlamaq lazım olduğunu bilmirsən. Elm üçün, millət üçün dəyərliliyindənmi, ya da birinin elm həyatındakı çığırının başlanğıcının səbəbkarı olduğundanmı deyə düşünürsən?! Məhz elə alimlərdən biri də Salamoğlu imzası ilə ədəbi-tənqid tarixində silinməz iz qoyan Təyyar Salamoğludur.
Sadəcə Təyyar Salamoğlu!
Elmi adları, titulları olmadan da keçərli imzaya, dərin biliyə sahib olan, yazdığı hər bir elmi əsərində özünəməxsus üslubu ilə seçilən dəyərli alimin yazısı o titullarsız da öz hökümlüyünü göstərir. Müəllifi olduğu bütün elmi əsərlərindəki yenilik, dərin məna, roman janrına fərqli baxış bucağı ilə seçilən dəyərli müəllimim haqqında nəsə yazmaq həm məsuliyyətli, həm də şərəfli bir iş olduğuna əlimə qələm alıb ilk sətirlərə başlayanda bir daha əmin oldum.
Professor Təyyar Salamoğlu haqqında danışarkən onun tükənməz enerjisi, qaynar düşüncəsi, dinamikası, proseslərə həssas münasibəti, milli dəyərləri uca tutması, yüksək insani keyfiyyətlərini xüsusi vurğulamaq lazımdır. Təyyar Salamoğlu deyəndə əvvəla təvazökar və böyük ürəyə malik insan, təəssübkeş vətənpərvər, novator alim, fəal ictimai xadim, eyni zamanda, qayğıkeş valideyn və mehriban baba olması kimi insani keyfiyyətləri yada düşür. Dokturantları və dissertantları üçün əlindən gələn köməkliyi əsirgəməyən bir elmi rəhbər olması da xüsusi vurğulanmalıdır.
Professorun elmi tələbkarlığı və doğru ədəbi mülahizələri irəli sürməyin yollarını tələbələrinə öyrətməyi Təyyar Salamoğlunun elmə yaxşı araşdırmaçı tədqiqatçılarının yetişdirmək istəyindən asılıdır. Ədəbi prosesi dəqiq izləmək və həmin dövrün ictimai-siyasi durumunu nəzərə alaraq həm tənqidin, həm də təhlil obyektinə gətirdiyimiz əsərin əsas ideyasının nə olduğuna fikir verməli olduğumuzu dönə-dönə vurğulayan Salamoğlu Sovet ideologiyasının diqtə etdiyi təhlildən kənar çəkilməyin vacibliyini vurğulayır. Professor üçün dokturantın necə tədqiqat aparmağı vacib məsələlərdən biridir.
Professor dokturantlarını tədqiqatçı kimi yetişdirmək və gələcək elm sahəsində özünə məxsus imzaya sahib olmasını əsas hədəf götürür. Bir dokturantı olaraq bu məqalədə sadəcə elm sahəsində mənə öyrətdikləri və açdığı çığırdan söhbət açmaq istədim. Ədəbi tənqiddə sözün demiş və mənim aləmimdə əvəzi olmayan və imzasına güc gələ biləcək bir imza tanımadığım dəyərli alimim yazdığım dissertasiyamı düz dörd dəfə geri qaytarmış və hər dəfəsində də onun dissertasiya deyil də sadəcə söz yığını olduğunu qeyd edərək zibil qutusuna atmağımı söyləmişdi.
Düzü bu hadisə hər dəfəsində Təyyar müəllimə olan incikliyimi bir az da artırır və hər dəfəsində deyinə-deyinə geri qayıdıb dokturanturadan imtina etmək fikrimi daha da dəqiqləşdirirdi.
Bir müddət sonra ADPU- nun Filologiya fakültəsinin kolidorlarında məni görəndə dissertasiyam haqqında söz soruşanda dokturanturadan imtina edəcəyimi bildirəndə gülərək dediyi “Qaçma ey öyrən” ifadəsi və bu sözü gülümsəyərək deməsi məni yenidən dissertasiyaya qayıtmağıma səbəb olurdu.
Dördüncü dəfə yazıb bitirdiyim dissertasiyamı təhvil verəndə isə müəllimimin üzündəki ifadə artıq dəyişilmişdi. Gülümsəmə deyildə sanki üz mimikası ilə “bax səni nəhayət ki öyrətdim. Deyinsən də, incisən də bacardın” ifadəsini hiss etdim. Bir balaca redaktəyə ehtiyac duyulduğunu deyib nəhayət ki, bacardığımı vurğuladı. Əslində hamıdan yüksək tutduğumun elmi rəhbərimdən eşitdiyim bu sözün mənim üçün nə qədər önəmli və həyatda ən dəyərli hesab etdiyim hər şeydən önəmli olduğunu bilməyən elmi rəhbərim üçün o sözlər sıradan bir söz idi.
Dörd dəfə aparılmış araşdırma mənə əsil elmin nə olduğunu, tədqiqatın nə qədər ciddi və məsuliyyətli olduğunu öyrətdi. Bir məqaləni yazarkən nə qədər məsuliyyət daşıyacağımın fərqinə vardım. Ədəbi-tənqiddə öz imzası ilə söz demiş dəyərli professorun dokturantı olmaq həm qürur verici, həm də məsuliyyətli olduğuna müdafiədə bir daha əmin oldum.
Dəyərli müəllimimin yaradıcılığı haqqında söz demək isə nə qədər çətin olsa da professorun elmi yaradıcılığını dördd istiqamətdə ümumiləşdirərək qısa xronologiyasını yaratmağa çalışmışam. Əslində bu kiçik tədqiqat işimdə bir ömrə bərabər olan yaradıcılıq məcmuəsin ümumiləşdirməyin doğru olmadığını bilsəm də məqsədim, ömrünün bəlli bir hissəsini elmə həsr edən professorun yaradıcılığının qısa xronologiyasını ümumiləşdirməyi özümə borc bildim.
1.Professorun yaradıcılığının ilk dövrü Təyyar Salamoğlunun elmi yaradıcılığa gəldiyi ilk illərinin əsərləri yer alır.
Bu illərə ədəbiyyatşünasın ilk tədqiqatları ola Azərbaycan uşaq poeziyasının problemlərinə həsr olunmuş elmi əsərləri daxildir. Bu araşdırmalarının nəticələri 1992–ci ildə M.Məmmədov və Y.Babayevlə birgə yazdığı "Pedaqoji mühit və uşaq ədəbiyyatı" monoqrafiyasında toplanmışdır. Monoqrafiyadan sonra apardığı uşaq ədəbiyyatı ilə bağlı tədqiqatları isə 1998- ci ilə "Azərbaycan klassik uşaq ədəbiyyatı antologiyası" kitabında yer almışdır.
2.Professorun yaradıcılığının ikinci dövrü mühacirət ədəbiyyatı istiqamətində apardığı araşdırmaları əhatə edir.
Bu dövr tədqiqatlarının cəmləşdiyi 1998- ci iləd dərc etdirdiyi “Faciəli talelər” adlı kitabıdır. Bu kitabda Təyyar Salamoğlunun Azərbaycan mühacirət və repressiya şeirinin nümayəndələri olan Səməd Mənsur, Almas İldırım, Əhməd Cavad, Umgülsüm Sadıqzadənin yaradıcılıqları istiqamətində apardığı təhlili və ədəbi fikirləri əks edilmişdir. Professorun araşdırmalarının miqyası əsaslı şəkildə "talesiz taleyi"ndən bəhs edən portret-oçerklərdən sonra genişlənmişdir.
3.Ədəbiyyatşünas alimin yaradıcılıq istiqamətinin üçüncü dövrü ədəbiyyat tarixi ilə bağlı tədqiqatları yer tutur.
Bu dövrə Təyyar Salamoğlu yaradıcılığının Azərbaycan romanı, Sovet dövrü Azərbaycan ədəbiyyatı, XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı ilə bağlı apardığı tədqiqatları özünü əks etdirir. Bu istiqamətdə ilk araşdırma kitabı 2000-ci ildən 2005-ci ilə qədər Azərbaycan romanı haqqında apardığı araşdırmaları yer tutur ki, bütün bu tədqiqatları da 2005- ci ilə nəşr etdiyi “Müasr Azərbaycan romanının poetikası (XX-əsrin 80-ci illəri)” adlı kitabıdır ki, bu dövr araşdırmalarının nəticəsi olaraq Təyyar Salamoğlu imzası roman araşdırıcıları sırasında özünəməxsusluğu və güclü ədəbiyyatşünas imzası ilə seçilməsinə vəsilə oldu.
Roman yaradıcılığı ilə bağlı apardığı tədqiqatlar, XIX əsrin sonları XX əsr yaradıcılığı ilə bağlı tədqiqatları ərəfəsində artıq ədəbiyyat şünaslıq yaradıcılığında güclü imzaya malik olan Salamoğlu imzası ilə tanınan, romanlara yeni yanaşma, postmodernizm istiqamətindəki yeni araşdırmaları, polifonik roman janrı haqqında tədqiqatları ilə artıq öz sözünü demişdir. Alimin 2007-ci ildə nəşr etdirdiyi “Müasir Azərbaycan romanı: janr təkamülü: XXəsrin 80-ci illəri” monoqrafiyası və 2008-ci ildə "Ən yeni Azərbaycan ədəbiyyatı məsələləri" məqalələr kitabı bunlara bariz nümunədir. Geniş tədqiqat və araşdırma nəticəsində qələmə alınmış həmin məqalələrdə ən yeni Azərbaycan ədəbiyyatı nümunələrinə yanaşma fərqliliyi ilə seçilən Təyyar Salamoğlu tədqiqi ədəbi mühitdə bugün öz sözünü deyir. Professorun məqalələrindən ibarət digər iki kitabı isə 2009-cu ildə ədəbi proses sahəsində apardığı tədqiqatlarının toplusu olan “Tarixi və çağdaş ədəbi prosesə dair araşdırmalar" kitabı və 2014-cü ildə nəşr etdirdiyi elmi-nəzəri məqalələr toplusu olan “Azərbaycan ədəbiyyatının müasir problemləri" monoqrafiyasıdır.
Bu dövrə alimin sovet dövrü Azərbaycan ədəbiyyatının yeni metodoloji və elmi-nəzəri düşüncə müstəvisində təhlilini verən tədqiqatlarını da daxil edə bilərik.
Beləki, tədqiqatçı sovet dövründə yaşayıb yaradan yazıçıların yaradıcılıq yoluna Sovet Sosialis rejiminin qaydalarına uyğun şəkildə verilmiş qərarlara əsaslanaraq ədəbi fikir söyləmək məcburiyyətində qalan ədəbiyyatşünas alim kimi deyil də, Müstəqil Azərbaycanın müstəqil ədəbiyyatşünasının tədqiqatı nəticəsində İsmayıl Şıxlı yaradıcılığına yeni baxış, Mir Cəlal yaradıcılığındakı yeni tədqiqatlar, F.Kərimzadə yaradıcılığındakı müstəqillik ideyalarının azad, ədəbi fikirləri yer alır.
Həmin i8stiqamətdə aparılan araşdırmaları professorun 2012-ci ildə nəşr etdirdiyi “"Müasir Azərbaycan ədəbiyyatı", 2014-cu ildə çap etdirdiyi "İsmayıl Şıxlının bədii nəsri" kitablarında yer alır. Bu istiqamətdə apardığı elmi tədqiqatların bir qismi isə 2016-cı ildə F.Kərimzadə yaradıcılığına məxsus araşdırmaları "Qarlı aşırım"dan keçən yollar" kitabında, 2018-ci ildə isə Mir Cəlal nəsrinin müasir ideya çərçivəsində təhlili isə "Mir Cəlal nəsri və müasirlik" (2018) kitabında toplanmışdır.
4.Təyyar Salamoğlu yaradıcılığının dördüncü istiqaməti ədəbi-tənqidlə bağlı elmi araşdırmalarını əhatə edir.
Bu istiqamətdəki elmi yaradıcılığı ədəbi mühitdə Təyyar Salamoğlu imzasının möhür vurduğu ədəbi tənqid tarixi sahəsindəki tədqiqatları yer alır.Yaradıcılığının bu dövründə alim M.F.Axundzadə, F.Köçərli, Ə.Hüseynzadə, Ə.Nazim, H.Zeynallı, B.Çobanzadə, M.Arif, M.C.Cəfərov, C.Xəndan, Ə.Hüseynov, B.Nəbiyev, N.Cəfərov və başqalarının tənqidi yaradıcılıqlarını araşdırmış və “Ədəbi tənqidin tarixinə dair portret-oçerklər" adı altında 2011, 2013, 2014-cü illər olmaqla üç dəfə dərs vəsaiti kimi dərc etdirmişdir. Bu kitabların hər biri Azərbaycan ədəbiyyatı və Azərbaycan ədəbi-tənqidi tarixi sahəsində dəyərli fikirləri ilə seçilərək özünəməxsus yerdədir.
Son dövrlərdə M.Ə.Sabir, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, N.Nərimanov, S.M.Qənizadə, A. Şaiq və b. haqqında yazdığı silsilə araşdırmalar apararaq yerli və xarici mətbuorqanlarda dərc etdirdiyi məqalələri və apardığı araşdırmaları 2018-ci ildə “Azərbaycan tənqidi realizminin estetikası” və 2021-ci ildə “XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri" kitabında toplanmışdır.
Dil və üslub fərqliliyi ilə, əsərlərə yanaşma tərzi və elmi faktlar gətirərək əsərlərə verdiyi qiyməti ilə seçilən Təyyar Salamoğlu yaradıcılığına həssas və məsuliyyətli yanaşaraq tədqiqatımı yeni nəşrdən çıxmış "Qarlı aşırım”ın tənqid variantı” adlı monoqrafiya üzərində aparmağı qərarlaşdırdım. Monoqrafiya Təyyar Salamoğlunun və filologiya üzrə fəlsəfə doktoru Məhrux Dövlətzadənin Fərman Kərimzadənin “Qarlı aşırım” romanı haqqında tənqidi və ədəbi fikirləri yer tutur.
Kitab Yaşar Qarayev və Təyyar Salamoğlu yaradıcılığından gətirilən epiqrafla başlayır. Daha sonra romandan gətirilmiş bir parça isə əsərə yenidən oxu konsepsiyasını aşılayır. Kitabda verilmiş bir parça oxucunu yenidən əsəri oxumağa təhrik edir. Kitab iki ön söz, Məhrux Dövlətzadənin Təyyar Salamoğlunun “Yeni oxu” konsepsiyası haqqında qələmə aldığı fikirləri, Təyyar Salamoğlunun qələmə aldığı giriş, iki fəsil və nəticədən ibarətdir. Kitabın birinci fəsilin Təyyar Salamoğlunun F.Kərimzadənin “Qarlı aşırım” romanına tənqidi görüşlərinin birinci variantı əhatə edirsə, ikinci fəsilin isə Məhrux Dövlətzadənin bu roman haqqında öz fikir və mülahizələri əhatə edir. Məhz kitabın fəsilləri də həmmüəlliflərin əsərə yanaşma fərqliliyinə görə variant adı altında verilib.
İlk ön söz folklorşünas alim Seyfəddin Rzasoya aiddir. İkinci ön sözün müəllifi isə Fərman Kərimzadənin qızı Yeganə Fərmanqızına aiddir. İkinci ön söz müəllif Yeganə xanımın atası Fərman Kərimzadə haqqındakı xatirələrini əhatə edir. Məhrux Dövlətzadənin qələmə aldığı “Professor Təyyar Salanoğlunun “Yenidən oxu” konsepsiyası” adlı başlıqda Məhrux xanım Təyyar müəllimin Sovet dövründə yazılmış ədəbiyyatla sovet ədəbiyyatını fərqləndirmək fikrini əsas götürərək tənqidçinin bu fikri haqqında deyilmiş fikir və mülahizələr fonunda əsas ideyanı vurğulamışdır.
Kitabın I fəsli və ya I variantı Təyyar Salamoğluna aid olub burada “Qarlı aşırım” romanı və ədəbi tənqid yarımbaşlığı altında estetik düşüncənin dinamikliyi, tənqidi düşüncənin statikliyi aspektindən araşdırılmışdır.
Eyni zamanda professor Təyyar Salamoğlu öz variantında Qarlı aşırıma kimi gedilən ədəbi yolu müəyyənləşdirərək bu yolun başlanğıcını “Dəli Kür”dən götürərər, Cahandar Ağa və Kərbalayı İsmayıl obrazlarının qarşılıqlı təhlilini vermişdi.
Professor bu fəsildə eyni zamanda “Qarlı aşırım”ın bədii mətn həqiqətlərinə toxunaraq epos ənənələrini müəyyənləşdirmişdir.
Kitabın II fəsli və ya II variantı Məhrux Dövlətzadəyə məxsus elmi araşdırmaları yer alır. Tədqiqatçı bu fəsildə “Qarlı aşırım”a Qəmo, Türklərdə ağac kultu, Talıbov, Abbasqılı bəy və Kərbalayı İsmayıl, Oğuz qəbiristanlığı, Görünməyənlər yarımbaşlıqları altında Fərman Kərimzadə şəxsiyyəti və fəaliyyətinə də toxunmuşdur.
Məhrux xanım, əsərdən gətirdiyi hissələr və əsər haqqında ədəbi mühitin söylədiyi fikir və mülahizələri təhlil obyektinə gətirmişdir. Kitab “Qarlı aşırım” haqqında ictimasi-siyasi, mənəvi-sosioloji, milli mənəvi dəyərlərin araşdırılıb və əksini özündə cəmləşdirən bütün aspetklərdən təhlilini çatdıram iki variantlı bir elmi əsərdir.
Günel Hümmətova (Pəniyeva) Saleh
ADPU-nun Filologiya fakültəsi, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru