Azərbaycan və Almaniya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

 02-04-2025

Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer mətbuata bəyanatlarla çıxış etdikdən sonra, jurnalistlərin sualları cavablandırılıb.

MillətinSəsi.İnfo AZƏRTAC-a istinadən sözügedən sual-cavabları təqdim edir:

- Berlində fəaliyyət göstərən DPA informasiya agentliyindən Ullrix Ştaynkol:

-Cənab Əliyev, Sizin İrəvandakı həmkarınız bildirmişdir ki, bu müqavilənin həyata keçirilməsində yaranmış maneələr öhdəsindən gəlinə bilən maneələrdir. O, özü bunun üçün çalışır. Çətinlik ondadır ki, Sizin ölkəniz daha əlavə tələblər irəli sürür. Siz izah edə bilərsinizmi, bu sülh müqaviləsini imzalamaqda nə qədər ciddisiniz? Bu sülh Sizin üçün nə qədər ciddidir? Daha bir sualım cənab Federal Prezidentədir ki, bəlkə Siz də Ermənistandan Azərbaycana bir mesaj gətirmisiniz?

Prezident İlham Əliyev: Bu gün söhbət əsnasında mən cənab Prezidenti Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı kifayət qədər məlumatlandırdım. Bildirdim ki, İkinci Qarabağ müharibəsi başa çatandan sonra məhz Azərbaycan və şəxsən mən sülh danışıqlarının başlanmasının təşəbbüskarı olmuşam. O vaxt nə Ermənistan, nə də ki, o vaxt hələ fəaliyyət göstərən ATƏT-in Minsk qrupu belə bir təklif irəli sürməmişdir. Bu təklifi Azərbaycan tərəfi vermişdir. Bu, özlüyündə onu göstərir ki, biz sülh müqaviləsinin bağlanmasında nə qədər maraqlıyıq. Ermənistandan hər hansı bir cavab gəlmədiyi üçün biz mümkün olan bu müqavilənin əsas prinsiplərini də ortaya qoyduq. Yadımdadır, 5 əsas prinsip irəli sürülmüşdü və bu prinsiplər əsasında müzakirələrə start verildi. Danışıqların əsas maneəsi ondan ibarət idi ki, 2024-cü ilin yanvar ayına qədər Ermənistan təkidlə sülh müqaviləsinə dırnaqarası Dağlıq Qarabağ respublikasının taleyini salmaq istəyirdi. Biz isə buna qəti etiraz edirdik. Çünki "Dağlıq Qarabağ" adlı respublika yoxdur. Bu, ancaq Ermənistanın xülyalarında mövcud olub. Azərbaycanın Qarabağ bölgəsi mövcuddur. Bu, bizim daxili işimiz olduğu üçün biz təbii ki, dövlətlərarası müqaviləyə belə bir bəndin salınmasına heç vaxt razı ola bilməzdik.

Ancaq 2023-cü ilin sentyabr ayında Qarabağ torpağında separatizmə son qoyulandan bir neçə aydan sonra Ermənistan təkidlə irəli sürdüyü o maddəni sülh müqaviləsinin mətnindən çıxarmağa razı oldu. Faktiki olaraq real danışıqlar təqribən bir il bundan əvvəl başlamışdır. Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürməyib. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birincisi, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bunun da məntiqi ondan ibarətdir ki, 1992-ci ildə yaradılmış ATƏT-in Minsk qrupunun mandatı Qarabağ münaqişəsinin həlli idi. Qarabağ münaqişəsini Azərbaycan özü həll edib - BMT Nizamnaməsi əsasında və beynəlxalq hüquq çərçivəsində. Münaqişə həll olunduğu üçün və Ermənistan rəsmən Qarabağı Azərbaycan torpağı kimi tanıdığı üçün ATƏT-in Minsk qrupunun de-yure fəaliyyətinə heç bir əsas qalmamışdır. Onsuz da de-fakto bu qrup fəaliyyət göstərmirdi. Ermənistanın buna razı olmaması bizdə haqlı olaraq şübhələr doğurur. Görəsən, nə üçün? Bəlkə Ermənistan bizə qarşı yenə də ərazi iddiası ilə çıxış etmək istəyir? Onların sürətli silahlanması, öldürücü silahlar əldə etməsi, bu sahədə onlara əsas yardımçı olan Fransanın onları yeni təxribatlara təhrik etməsi bu şübhələri təbii olaraq artırır. Yəni, bu, birinci məsələdir.

İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistanın müstəqillik aktına istinad var. O, konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisinin Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin ediləndən sonra sülh müqaviləsini imzalamaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər doğrudan da Ermənistan sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir.

X X X

Prezident Frank-Valter Ştaynmayer:

-Xanımlar və cənablar.

Son üç onillik ərzində bu münaqişəni, onun kəskinləşməsini və yaratdığı ağrı-acını, çoxlu qurbanlara səbəb olmuş müharibələri müşahidə edən kəs başa düşür ki, belə bir münaqişə həll olunanda iki tərəf arasında qarşılıqlı etimadı bərpa etmək üçün xeyli vaxt və səy tələb olunur. Mən bunu əvvəlcədən deyirəm, bunu rəğbətlə qarşılayıram, yəni, bilirəm ki, bu münaqişələrdən sonra belə bir mətni işləyib hazırlamaq üçün çox böyük səylər tələb olunur. Hazırkı dövrdə bu razılığı əldə etmək çox böyük bir işdir. Ümid edirəm ki, bu müqavilədən kənardakı həmin o şərtlər haqqında da, - hansılar ki, cənab İlham Əliyev indi qeyd etdi, - razılaşma əldə olunacaq. Hesab edirəm ki, onlar Azərbaycanla Ermənistan arasında davamlı sülhün əldə olunması üçün maneəyə çevrilməməlidir. Mən təkrar edirəm, bu, çox vacib bir ruhdur, vacib bir andır, bu anın ruhunu itirmək məsuliyyətsizlik olardı. Yadda saxlamaq lazımdır, Almaniyanın da, Avropanın da təcrübəsi belədir ki, müqavilənin hazırlanması, sülh müqaviləsinin həyata keçirilməsi ilk addımdır. Ondan sonra onun həqiqətən də qüvvəyə minməsi, həqiqətən də barışığa çevrilməsi üçün isə nəsillər tələb olunur. Bu, çox uzun bir prosesdir. Bu etibarı, bu barışığı həqiqətən də həyata keçirmək hər iki ölkənin, onların xalqlarının hələ çox vaxtını alacaq. Ona görə də bu barışığa uzun zaman tələb edildiyini diqqətdən qaçırmaq olmaz. Amma ilk addım müqavilənin hazırlanması, imzalanması, ratifikasiyası və qüvvəyə minməsidir, həyata keçirilməsidir ki, ondan sonra digər problemlər də həll oluna bilsin. Ümid edirəm ki, bu, tezliklə baş tutacaq.

X X X

REAL Televiziyasından Vəfa Həmzəyeva:

-Hər ikinizi salamlayıram. Sualım cənab Ştaynmayerədir. Cənab Prezident, Siz çıxışınızda qeyd etdiniz ki, Ermənistan ilə Azərbaycan arasında olan bu prosesləri, münaqişəni və indi gəldiyimiz nöqtəni izləyirdiniz və biz əminik ki, proseslərin fərqindəsiniz. Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərində təcavüzkar müharibə aparıb və beynəlxalq hüququn normalarını ciddi şəkildə pozub. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin 20 faizini işğal etmişdi. Yəqin ki, hələ o dönəmdə Ermənistana qarşı sanksiyalar tətbiq olunsaydı, münaqişə daha tez həllini tapardı. Necə düşünürsünüz, Qərb niyə Ermənistana qarşı konkret addımlar atmadı? Təşəkkür edirəm.

Prezident Frank-Valter Ştaynmayer:

-İlk növbədə, demək istəyirəm ki, suala görə çox sağ olun. Amma mənim dediklərimə yəqin qulaq asmısınız. Mən müxtəlif vəzifələrdə Cənubi Qafqazdakı münaqişələrlə məşğul olmuşam, Azərbaycan ilə Ermənistan arasında münasibətlərlə də uzun müddətdir tanışam. Almaniya hökumətlərinin son illərdə siyasətlərinə baxsanız, yəqin görəcəksiniz ki, orada bu regiona, həm Ermənistana, həm Azərbaycana çox balanslaşdırılmış münasibət olub. Yəni, çalışmışıq elə münasibət göstərək ki, orada həssaslıqlara diqqətsiz yanaşmayaq və bu vaxta qədər biz beynəlxalq hüquq normalarına uyğun münasibət bildirmişik. Dediyim kimi, biz sülh müqaviləsinin hazırlanmasını çox alqışlayırıq və Qarabağ regionunun Azərbaycan ərazisi olduğunu bilirik, tanıyırıq. Bu, bizim mövqeyimizdir və bu mövqe Azərbaycan tərəfindən də konkretləşdirilə bilər.

X X X

Almaniyanın ARD telekanalının müxbiri Silviya Ştöber:

- Cənab Prezident Əliyev. Siz 17 paraqrafı qeyd etdiniz. Bu 17 paraqrafdan Azərbaycan üçün hansı ən vacibidir?

Cənab Prezident Ştaynmayer, Siz barışıq sözünü işlətdiniz. Bu barışıq İkinci Dünya müharibəsindən sonra Almaniyanın bərpası üçün vacib idi. Avropadakı ölkələrin xalqlarının bir-birinə yaxınlaşması bu işdə necə rol oynamışdır? O barədə də danışsanız, şad olaram.

Prezident İlham Əliyev: Əslində, belə tarixi müqavilələrdə hər bir paraqraf, hər bir bənd böyük əhəmiyyət daşıyır. Mən Prezident Ştaynmayerlə söhbət əsnasında bildirdim ki, Azərbaycan bilərəkdən bu müqaviləni həddindən çox yükləmək də istəməmişdi, ona görə o, çox yığcam müqavilədir, əsas prinsipləri əhatə edir. Yenə də deyirəm, hər bir məsələ orada ciddi əhəmiyyət daşıyır. Bu sənəd üzərində iki ölkənin mütəxəssisləri, hüquqşünasları, Xarici İşlər nazirliklərinin nümayəndələri fəal işləyiblər və hesab edirəm ki, hər iki tərəf xoş niyyət göstərib. Əks-təqdirdə, bu sənəd ərsəyə gəlməzdi. Bu, birincisi. İkincisi, Ermənistanda və bəzi Qərb dairələrində Azərbaycanı müqaviləni imzalamamaqda günahlandırmaq istəyirlər. Bu da tamamilə əsassızdır. Çünki artıq qeyd etdiyim kimi, bu prosesin təşəbbüskarı Azərbaycan olub. Əsas prinsipləri işləyən də Azərbaycan olub və biz xoş niyyət göstərərək bu danışıqlarda iştirak etmişdik. Əgər biz müqaviləni imzalamaq istəməsəydik, elə qeyri-real bir şərt qoyardıq ki, Ermənistan onu qəbul etməzdi.

O ki qaldı, həmin prinsiplərin ən əsasına, ən vacibinə, əlbəttə ki, bu, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasıdır - Qarabağ daxil olmaq şərti ilə. Özü də o Ermənistan hökumətindən ki, 2019-cu ildə bu hökumətin başçısı Xankəndidə - Azərbaycan ərazisində,- haraya ki, qanunsuz gəlmişdi, - mitinqdə elan etmişdi ki, "Qarabağ Ermənistandır və nöqtə". Bu gün bəziləri, - mən bunu bir neçə dəfə demişəm, - Ermənistanı "sülh göyərçini" kimi təqdim etməyə çalışırlar. Amma Ermənistan hökuməti həmin hökumətdir ki, hakimiyyətə 2018-ci ildə gələndən sonra o vaxta qədər aparılmış bütün danışıqları sıfra bərabər etdi. Bildirdi ki, Azərbaycan dırnaqarası, qanunsuz "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Bizə qarşı əsassız ərazi iddialarını nəinki aradan götürmədi, hətta öz tələblərini daha da sərtləşdirdi. Bax, bugünkü həmin Ermənistan hökumətinin müdafiə naziri açıq demişdir ki, Ermənistan yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşır. Yəni, indi bugünkü Ermənistan hökumətindən və onun başında duranlardan "sülh göyərçini" düzəltmək tamamilə yanlış və əsassızdır. Bu gün razılaşdırılmış mətn onu göstərir ki, Ermənistan bu sülh müqaviləsinə məcburən imza atır. Çünki döyüş meydanında əldə etdiyimiz Qələbə, ondan sonra siyasi müstəvidə Azərbaycanın mövqeyinin üstünlük təşkil etməsi Ermənistanın arxasında duran bəzi Avropa ölkələrinin səylərinə rəğmən, nə BMT Təhlükəsizlik Şurası, nə Avropa İttifaqı Azərbaycana qarşı hər hansı bir məhdudlaşdırıcı ölçü götürmədiyi üçün bu gün Ermənistan məcbur olub Qarabağı Azərbaycan ərazisi kimi tanıyır. Ona görə bu bəndlər arasında təbii olaraq məhz budur - "Qarabağ Ermənistandır və nöqtə" deyən bir adam bu gün "Qarabağ Azərbaycandır" deyir. Hesab edirəm ki, bu, gözəl bir təkamül prosesidir və biz bunu alqışlayırıq.

X X X

Prezident Frank-Valter Ştaynmayer:

- Mənə verilən suala cavab olaraq bir neçə cümlə deyim. Barışıq işi necə qurulmalıdır? Buna necə təşəbbüs göstərmək olar? Bunun üçün bir resept yoxdur, bunun bir standartı yoxdur ki, hər yerdə tətbiq etmək olsun. Məlum olan odur ki, bir-biri ilə müharibə apardıqdan sonra yeni etimad ancaq o zaman yaranır ki, bir müddət vaxt keçsin, yəni, birdən-birə olmur, yavaş-yavaş, ehtiyatla qurulmalıdır bu qarşılıqlı inam. Sizin suala cavab olaraq Avropadan bir misal çəkim: Ullrix Vikard, alman jurnalisti, sizin tanıdığınız həmkarınız bu yaxınlarda alman-fransız münasibətləri haqqında bir kitab dərc edib. Orada yazır ki, son 400 il ərzində Almaniya ilə Fransa 23 müharibə aparıb. 1870-ci, 1914-cü və 1939-cu illərdəki son 3 müharibə lap çox qurban verilməsinə səbəb olmuşdu. Almaniya ilə Fransa bir-birinə sonsuz nifrət edən düşmən olublar. Keçmiş tarix kitablarında görmək olur ki, Almaniyanın əzəli düşməni kimi Fransa qələmə verilirdi. Yəni, gözləmək də çox asan deyildir ki, bu qədər qurbanlardan sonra nə vaxtsa yaxın dostluq münasibətləri yaransın və bu iki xalq bir-birinə belə yaxın olsun. Bu barədə əvvəlki tarix kitablarına baxanda heç düşünmək olmurdu. Bu, hər iki tərəfdə həm qətiyyət, həm siyasi iradə olub ki, onlar keçmişi geridə qoyub yeni gələcəyə doğru addım atsınlar. Hər bir regionda, dünyada, o cümlədən Cənubi Qafqazda da belə bir arzu var ki, - yəqin hamı bunu arzulayır,- azad və sülh şəraitində yaşasınlar. Sülh şəraitində yaşamaq üçün də siyasi baxımdan işlər görülməlidir.

X X X

Azərbaycanın AnewZ televiziyasından Orxan Amaşov:

-Mənim sualım Prezident Ştaynmayerədir. Azərbaycanın Qarabağ regionunda Ermənistan tərəfindən yaradılmış qondarma separatçı rejimin keçmiş rəhbərlərinin hazırda Bakıda məhkəməsi gedir. Onlar öz ifadələrində etiraf edirlər ki, 100-dən artıq mülki şəxsin ölümü ilə nəticələnən Azərbaycanın şəhər və kəndlərinin bombardmanı Ermənistanın hazırkı rəhbərliyinin, daha dəqiq desək, baş nazir Nikol Paşinyanın birbaşa əmrləri ilə aparılmışdır. Həmin müharibə cinayətlərinə gəldikdə, nəyə görə, Avropa İttifaqı və onun təsisatları Ermənistana və onun siyasi-hərbi rəhbərliyinə qarşı sanksiya tətbiq etməyib?

Prezident Frank-Valter Ştaynmayer:

- Mən Almaniyanın xarici siyasətinə baxanda son dövrlərdə bu siyasətin iştirakçısı olmuşam, bir çox hökumətlərdə iştirak etmişəm. Bizim adımızdan onu deyə bilərəm ki, biz bu regionda qeyri-sülh şəraiti ilə heç vaxt barışmamışıq. Bir tərəfin digər tərəfə ərazi iddialarına heç vaxt dəstək verməmişik. Biz bundan çıxış edirik ki, beynəlxalq səviyyədə tanınmış sərhədlər qüvvədə olmalıdır, tanınmalıdır, bu sərhədlərə hörmətlə yanaşılmalıdır. Almaniyanın mövqeyi olaraq bunu deyə bilərəm ki, biz öz xəttimizə sadiq qalmışıq, öz mövqeyimizdə həmişə sadiq olmuşuq. Ümid edirəm ki, bu da sizin regionda anlaşılır. Biz istəyirik ki, iki dövlət arasında qeyri-sülh dövrü geridə qalsın və yeni bir gələcək yaransın ki, orada sabitlik olsun. Həm Ermənistan, həm də Azərbaycan üçün bütün Cənubi Qafqaz sülh yaradan bir regiona çevrilsin.

Bənzər yazılar

0.070388078689575