Xəbər verdiyimiz kimi, Samuxda məktəbdə keçirilən “Son zəng” mərasimində bayağı musiqi səsləndirilməsinə görə işdən azad olunan məktəb direktoru vəzifəsinə bərpa edilib.
“Qafqazinfo”nun məlumatına görə, məhkəmə direktorun baş vermiş hadisədə günahsız olması qənaətinə gəlib. Bundan əlavə, onun işdən uzaqlaşdırıldığı 6 ay müddətə direktor vəzifəsinin əməkhaqqısının da qaytarılmasına qərar verilib.
Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Samux rayonu İnstitut qəsəbə tam orta məktəbin işdən çıxarılan direktoru Gülsafa Abbasovanın Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən vəzifəsinə geri qaytarılması birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minməmiş qərarıdır.
Belə ki, məhkəmə prosesi hazırda davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tərəfindən yuxarı instansiya məhkəməsinə müraciət ediləcək.
Qeyd edək ki, MÜTDA-nın “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən təlimatın müvafiq bəndini (tədbirdə istifadə olunan musiqilərdə bayağı ifadələrin işlədilməməsi) pozduğuna görə agentliyin əmrinə əsasən Gülsafa Abbasova ilə bağlanmış əmək müqaviləsinə 24.06.2024-cü il tarixdə xitam verilib.