Yaşar Adil oğlu Ömərov Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilib.
Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Yaşar Adil oğlu Ömərov 1 dekabr 1977-ci ildə Bakı şəhərində anadan olub.
Yasamal rayonu 52 nömrəli tam orta məktəbi bitirdikdən sonra 1995-ci ildə Bakı Dövlət Universitetinin (BDU) bakalavriat səviyyəsinin “Biokimya” ixtisasına qəbul olunub və 1999-cu ildə həmin ixtisas üzrə bitirib. 1999-2001-ci illərdə təhsilini BDU-nun magistraturasında eyni ixtisas üzrə davam etdirib. 2001-ci ildə BDU-nun aspiranturasına qəbul olub, 2007-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək biologiya üzrə elmlər namizədi elmi dərəcəsini alıb.
Əmək fəaliyyətinə 1999-cu ildə BDU-nun Biologiya fakültəsinin Biokimya və biotexnologiya kafedrasında laborant vəzifəsində başlayıb.
2001-2014-cü illərdə həmin fakültədə baş laborant, laboratoriya müdiri, müəllim, dosent və dekan müavini vəzifələrində çalışıb. 2014-cü ildən başlayaraq əmək fəaliyyətini Azərbaycan Respublikasının Təhsil Nazirliyində davam etdirib və Nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsində aparıcı və baş məsləhətçi vəzifələrində çalışıb.
2019-cu ildən Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində Ali, orta ixtisas və əlavə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
2021-ci ilin iyulundan başlayaraq Y.A.Ömərov Azərbaycan Texnologiya Universitetində elm və innovasiya məsələləri üzrə prorektor və sonradan tədris işləri üzrə prorektor səlahiyyətlərini icra edib.
Azərbaycan Respublikası Təhsil nazirinin 25.07.2022-ci il tarixli əmri ilə Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsi Yaşar Ömərova həvalə edilib.