9 May Qələbə Günü – Tariximizin qürur səhifəsi

 09-05-2025
9 May Qələbə Günü dünyanın faşizm bəlasından xilas olduğu, insanlığın azadlıq və ədalət uğrunda qazandığı tarixi zəfərin rəmzidir. Bu gün təkcə keçmişin acı xatirələrini deyil, həm də milyonlarla insanın qəhrəmanlığını, fədakarlığını və mübarizə əzmini yaddaşlara həkk etmiş şanlı gündür.
 
II Dünya Müharibəsində (1939–1945) baş vermiş hadisələr təkcə Avropa və Asiyanı deyil, bütün bəşəriyyəti sarsıtmış, milyonlarla insanın həyatına son qoymuşdu. Bu müharibənin nəticəsində insanlıq çox ağır bir sınaqdan keçdi və faşizm kimi antihumanist ideologiyanın darmadağın edilməsi ilə dünya yeni bir mərhələyə qədəm qoydu.
 
AZƏRBAYCANLILARIN BÖYÜK VƏTƏN MÜHARİBƏSİNDƏ ROLU
 
Böyük Vətən müharibəsində Azərbaycan xalqının rolu xüsusi qeyd olunmalıdır. Müharibə illərində Azərbaycandan cəbhəyə 600 mindən çox insan yola salındı. Onların arasında igid döyüşçülər, komandirlər, kəşfiyyatçılar, həkimlər və könüllülər var idi. Azərbaycan oğulları və qızları təkcə cəbhədə deyil, arxa cəbhədə də əsl qəhrəmanlıq nümunələri göstərmişdilər.
 
Azərbaycan nefti isə müharibənin taleyində həlledici rol oynamışdı. Statistikaya görə, Sovet İttifaqında istifadə olunan yanacağın 75-80 faizi Azərbaycan nefti hesabına təmin edilirdi. Bu, düşmən üzərində qazanılan qələbənin əsas dayaqlarından biri olmuşdur. Bakı zavodlarında istehsal olunan silah-sursat, döyüş texnikası və digər hərbi təchizat da ordunun gücünə güc qatmışdı.
 
MİLLİ QƏHRƏMANLARIMIZIN PARLAQ İZİ
 
Azərbaycanlı döyüşçülər arasında Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülənlər də az deyildi. Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə, Aslan Vəzirov və başqaları öz igidlikləri ilə adlarını əbədi olaraq tarixə yazdırdılar. Onların göstərdikləri şücaət bu gün gənc nəsillər üçün örnək, vətənpərvərlik məktəbidir. Mehdi Hüseynzadənin partizan hərəkatında göstərdiyi rəşadət, Həzi Aslanovun tank döyüşlərindəki peşəkarlığı bu gün də qürur hissi ilə xatırlanır.
 
QƏLƏBƏNİN DƏRSİ VƏ MİRASI
 
Qələbə Günü təkcə bir bayram deyil, həm də dərindir mənalı bir tarix dərsidir. Bu gün bizə öyrədir ki, azadlıq və sülh dəyərləri uğrunda aparılan mübarizə heç vaxt unudulmamalıdır. Əldə olunan qələbə həm də xalqımızın birliyi, həmrəyliyi və yenilməz ruhunun təcəssümüdür.
 
Bu gün azad Azərbaycanın yeni nəsli Böyük Vətən müharibəsində canından keçmiş insanların xatirəsini ehtiramla anır, onların irsini yaşadır. Şəhərlərdə, kəndlərdə ucaldılmış abidələr, yaradılmış muzeylər, yazılan kitablar və çəkilən filmlər həmin igidlərin əziz xatirəsini yaşadır, gələcək nəsillərə ötürür.
 
QƏLƏBƏNİN DAVAMI – QARABAĞ ZƏFƏRİ
 
Tarixdə təsadüf yoxdur. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycanın əldə etdiyi parlaq Qələbə bir daha sübut etdi ki, xalqımız azadlıq, ədalət və vətən uğrunda döyüşməyə hər zaman hazırdır. Qələbə ruhu, vətən sevgisi və milli birlik hissi bizi daim qalib xalqa çevirir. İkinci Qarabağ müharibəsində qazanılmış zəfər də bir növ 9 May Qələbə Gününün çağdaş tariximizdəki davamı kimi qiymətləndirilə bilər.
 
Qələbə Günü 9 May bizim üçün yalnız keçmişin deyil, həm də gələcəyin rəmzidir. Bu gün biz bir daha şəhidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Bu zəfərin gətirdiyi sülh, sabitlik azadlıq dəyərlərini qoruyub saxlamaq isə hər birimizin müqəddəs borcudur.
 
Günel HÜMMƏTOVA (PƏNIYEVA) Saleh
 
Azərbaycan Dövlət Pedaqoji Universiteti, Ədəbiyyatın tədrisi texnologiyası kafedrasının baş müəllimi,f.ü.f.dok

Bənzər yazılar

0.076179981231689