ABŞ-ın Milli Təhlükəsizlik Müşavirləri hüquq firması sahibkarlar İlon Mask və Vivek Ramasvaminin rəhbərlik edəcəyi yeni ABŞ Hökumətinin Səmərəliliyi Nazirliyinə (DOGE) qarşı iddia qaldırmağı planlaşdırır.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "Washington Post" yazıb.
Nəşr bildirir ki, hüquq firması ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəsmi andiçmə mərasimindən bir neçə dəqiqə sonra məhkəməyə müraciət etmək niyyətindədir. Milli Təhlükəsizlik Müşavirləri yeni agentliyi 1972-ci il qanunu ilə müəyyən edilmiş federal şəffaflıq qaydalarını pozmaqda ittiham etməyi planlaşdırır. Söhbət məlumatların açıqlanması prosedurunu tənzimləyən qanundan gedir.
Hüquq firmasının baş direktoru Kel Maklanahan tərəfindən qaldırılan iddiada deyilir: "Bütün DOGE görüşləri, o cümlədən elektron şəkildə keçirilən görüşlər ictimaiyyət üçün açıq olmalıdır".
Xatırladaq ki, Tramp seçkilərdə qalib gəldikdən sonra Mask və Ramasvaminin yeni yaradılacaq nazirliyə rəhbərlik edəcəklərini elan edib. DOGE-nin əsas məqsədləri dövlət orqanlarında bürokratiya və həddindən artıq tənzimləməni aradan qaldırmaq, həmçinin federal büdcə xərclərini azaltmaq olacaq.
Bundan əvvəl jurnalistlər Maskın ABŞ-ın federal xərclərini 2 trilyon dollar azaltmaq planlarından xəbər tutmuşdular.