Prezident İlham Əliyevin sərəncamları ilə uzun illər maliyyə naziri vəzifəsində çalışmış Samir Şərifov vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
Sabiq nazir yeni təyinatı ilə bağlı “Manset.az”a açıqlama verib.
Samir Şərifov Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
“Cənab Prezident mənə böyük etimad göstərib. Çalışacağam ki, bu etimadı doğruldum. Hələ ki müavin olaraq hansı sahəyə rəhbərlik edəcəyimi deyə bilmərəm. O məsələlərə Baş nazir baxacaq, cənab Prezidentlə razılaşdırılacaq. İnşallah növbəti həftə bəlli olacaq”, - S. Şərifov əlavə edib.
Maliyyə naziri vəzifəsindən azad edilərək baş nazirin müavini təyin edilən Samir Şərifov 7 sentyabr 1961-ci ildə anadan olub.
Samir Şərifov 1983-cü ildə Kiyev Dövlət Universitetinin Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirib, magistr dərəcəsi alıb.
Ali təhsilini başa vuran Şərifov iş karyerasına 1983-cü ildə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində fəaliyyətə başlayıb.
Şərifoov 1983-1991-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində Bakıda və xaricdə (Yəmən Xalq Demokratik Respublikası) iqtisadçı, 1991–1995-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əlaqələr İdarəsində şöbə müdiri, idarə rəisinin müavini vəzifəsində çalışıb.
1995–2001-ci illərdə Azərbaycan Respublikası Milli Bankında departament direktoru, baş direktor, 2001–2006-cı illərdə Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı Direktoru, 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı İlə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyanın sədri işləyib.
2006-cı ilin aprel ayından 2025-ci ilin yanvar ayınadək Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışıb.
2025-ci ildə yanvarın 10-da Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə nazir vəzifəsindən azad edilərək Baş nazirin müavini təyin edilib.
O, eyni zamanda, Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktordur.
6 avqust 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Samir Şərifov "Şöhrət" ordeni ilə təltif olunub.