Bakıda fəaliyyəti qadağan edilmiş cərrahla bağlı ARAŞDIRMA APARILIB - Klinika CƏRİMƏLƏNİB

 06-06-2025

"MayoMed" klinikasında özünü plastik cərrah kimi təqdim edən Nihad Aslanovun əslində tibb sahəsi üzrə heç bir təhsili yoxdur".

Bu barədə Baku TV-nin qaynar xəttinə daxil olan müraciətdə vətəndaş iddia edib.

Təxminən iki ay əvvəl Analitik Ekspertiza Mərkəzi tərəfindən klinikada yoxlama aparılıb və Nihad Aslanovun işinə son verildiyi iddia olunur. Amma son vaxtlar həmin şəxs yenidən "MayoMed" klinikasında pasiyent qəbul edir.

Həqiqəti aşkara çıxarmaq üçün Baku TV-nin əməkdaşı sözügedən klinikada olub.

Klinikanın əməkdaşı şikayətin həqiqəti əks etdirmədiyini və Nihad Aslanovun klinikada çalışmadığını deyib:

"Nihad bəy artıq 4-5 ay əvvəl klinikadakı işindən ayrılıb. Hazırda Nihad bəy adlı əməkdaşımız yoxdur".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, plastik cərrahiyyə ixtisası üzrə praktik tibb fəaliyyətinə icazə verilən həkimlərin arasında Nihad Aslanovun adı yoxdur:

"2023-cü ildə "MayoMed" klinikası üzrə planlı yoxlama keçirilib və klinika inzibati məsuliyyətə cəlb edilib, həkimin fəaliyyəti dayandırılıb. Bundan sonra həkimin fəaliyyəti ilə bağlı Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzinə hər hansı məlumat daxil olmayıb".

"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Analitik Ekspertiza Mərkəzi" publik hüquqi şəxsinə bundan əvvəl də daxil olmuş vətəndaş müraciəti əsasında "Mayomed" özəl tibb müəssisəsində tibb təhsili olmayan Nihad Aslanov tərəfindən göstərilən kosmetoloji tibbi xidmətlə bağlı araşdırma aparılıb".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, klinika inzibati qaydada məsuliyyətə cəlb olunub:

"Aparılan yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən protokollar tərtib edilib və cərimələr tətbiq olunub. Daha sonra klinika tərəfindən Nihad Aslanovun həmin müəssisədə əmək fəaliyyətində olmadığı barədə rəsmi məlumat təqdim edilib".

"Yeni yayılan videogörüntülərdə əks olunan qanun pozuntusu və Nihad Aslanov barəsində müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət ediləcək", - deyə məlumatda bildirilib.

Ətraflı süjetdə:

Bənzər yazılar

0.073487997055054