Hər bir şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır.
Ümummilli Lider Heydər Əliyev
Bu gün gənclərimiz tarixi həqiqətləri bilməlidirlər. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı vəhşilik edərək qətliam törətmişdir.
Bu qanlı cinayət xalqımızın azadlıq eşqini söndürə bilməyib, xalqımızın qanı bahasına olsa da, öz dövlət müstəqilliyinə qovuşub. Qanlı Yanvar milli azadlıq hərəkatının daha da yüksəlməsinə və nəticədə Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına yol açdı.
Uzun illər ərzində milli azadlıq uğrunda mübarizəsini boğmaq, ona mənəvi zərbə vurmaq məqsədi daşıyırdı. Lakin sovet imperiyası insanlıq adına sığmayana əməlləri ilə Azərbaycan xalqının iradəsini qıra bilmədi. Xalqımızın yaddaşına qəhrəmanlıq nümunəsi kimi əbədi həkk olunan Qanlı Yanvar qurbanlarının xatirələri hər il olduğu kimi, bu il də yad edilir.
Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Xalqızımıza qarşı törədilmiş bu cinayət, əslində, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terrror aktıdır.
Bu faciədə 147 Azərbaycan vətəndaşı şəhid olub, 638 nəfər yararlanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib, nəticədə insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, o cümlədən Ümumdünya İnsan Hüquqları Bəyənnaməsinin tələbləri kobudcasına pozulub.
Faciədən sonra Azərbaycanda Sovet imperiyası özünün bütün mənəvi və social dayaqlarını itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları yeni siyasi tariximizdə ilk dəfə olaraq muilli faciəmizin tanıdılması və nəticələrinin aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa başladılar.
1990-cı ilin ikinci yarısında Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdaraq Azərbaycanın müstəqil dövlətçilik ideyalarının bərqərar olmasına şərait yaratdı. Bundan sonra 1990-cı ilin yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi.
Ulu Öndər sonradan o günləri xatırlayarkən deyirdi: “Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənlərinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi”.
Azərbaycan xalqı 20 yanvar şəhidlərinin xatirəsini əziz tutur. Hər il faciənin ildönümü izdihamlı ziyarətlərlə müşayiət edilir, xalq istiqlal fədailərinin məzarlarına faciənin simvoluna çevrilmiş al qərənfillər düzür, onları qürurla anır. Bu faciəni törədənlərə dərin nifrətni bildirir. Azərbaycan xalqı və dövləti 20 yanvar şəhidlərin xatirəsini daim uca tutur.
Ulu Öndərimiz Heydər Əliyevin yolunu uğurla davam etdirən Prezident İlham Əliyev də müasir müstəqil Azərbaycanı dünyaya qalib, ərazi bütövlüyünü tam bərpa edən ölkə kimi tanıtdı. 44 günlük Vətən müharibəsində qazanılan Qarabağ Zəfəri xalqımızın yenilməzliyini dünyaya nümayiş etdirdi.
Xalqımız 20 Yanvar faciəsinin 35-ci ildönümünü qurur hissi ilə qeyd edir. Prezidentimiz İlham Əliyev şəhidlərin xatirəsinin uca tutulmasına daim xüsusi diqqət göstərir.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru