"Distant təhsillə əlaqədar hazırda tanınma həyata keçirilmir".
Bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
O vurğulayıb ki, bunun səbəbi müvafiq mexanizmlərin mövcud olmamasıdır:
"Əgər bu istiqamətdə qərar verilərsə, biz icra edən tərəf olaraq işimizi görəcəyik. Lakin məsələyə fərqli yanaşmaq lazımdır. Distant təhsil məşğul insanlar üçün daha çox səmərəli ola bilər. Onlar iş yerlərindən ayrılmadan bu təhsili əldə edə bilirlər. İbtidai sinif müəllimliyi" ixtisası üzrə proqram akkreditasiyası keçirilib".
Onun sözlərinə görə, 2024-cü il üzrə TKTA tərəfindən 14 ali təhsil müəssisəsində ibtidai sinif müəllimliyi ixtisası üzrə proqram akkreditasiya qiymətləndirilməsi keçirilib, üç ali təhsil müəssisəsinin (Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu) nəticələri barəsində Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında sözügedən ali təhsil müəssisələrində təkrar akkreditasiya zərurətinə dair qərar qəbul olunub:
"Digər 11 proqram üzrə yekun hesabatlar müvafiq akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması nəzərdə tutulur. Cari ildə orta statistik olaraq xarici kvalifikasiyaların 81 faizi tanınıb".
Agentlik sədri diqqətə çatdırıb ki, il ərzində xarici kvalifikasiyaların (diplom, attestat, rəsmi sənəd) tanınması ilə bağlı 6 013 müraciət üzrə ekspertiza həyata keçirilib:
"Keçirilən ekspertiza nəticəsində 4 891 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim olunub. Digər 1 122 müraciət üzrə mənfi rəy verilib və müraciətçilərin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.
Kvalifikasiyaların tanınması üzrə ən çox müraciət Rusiya Federasiyası (1 841), Türkiyə Respublikası (1 616), Ukrayna (1 377), Gürcüstan (296) və Birləşmiş Krallıqdan (189) əldə olunan kvalifikasiyalar üzrə qeydiyyata alınıb. Ən çox müraciət olunan ixtisaslar siyahısına hüquqşünaslıq, maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və tibb daxildir. Cari ildə TKTA tərəfindən ali təhsil müəssisələrində institusional akkreditasiya keçirilib. Dövlət Proqramı çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının akkreditasiyası keçirilib".
O bildirib ki, "2019-23-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" çərçivəsində maliyyələşdirilən ikili diplom proqramlarının dörd ali təhsil müəssisəsində (ADPU-CVU, ADAU-Ege, BMU-İNHA, ADA-CVU) 11 ixtisas üzrə proqram akkreditasiya qiymətləndirilməsi yekunlaşdırılıb:
"Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında bu proqramların 2024/25-ci tədris ilindən başlayaraq, növbəti beş il müddətinə proqram akkreditasiyasından keçməsinə dair qərar qəbul olunub".
O bildirib ki, 2024-cü il üzrə TKTA tərəfindən 11 ali təhsil müəssisəsində (ATM) institusional akkreditasiya qiymətləndirilməsi həyata keçirilib:
"Qrafikə uyğun olaraq, Azərbaycan Turizm və Menecment Universiteti (ATMU), Bakı Biznes Universiteti (BBU), Qərbi Kaspi Universiteti (QKU), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Gəncə Dövlət Universiteti (GDU), Naxçıvan Dövlət Universiteti (NDU), Azərbaycan İdman Akademiyası (AİA), Bakı Slavyan Universitetində (BSU), institusional akkreditasiya qiymətləndirilməsinin, Sumqayıt Dövlət Universiteti (SDU), Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialı (ADİU Zaqatala filialı) və Bakı Dövlət Universitetinin Qazax filialında (BDU Qazax filialı) isə təkrar institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları baş tutub.
Sözügedən ATM-lərdən ATMU, BBU, QKU, ADNSU, GDU ilə bağlı Akkreditasiya Şurasının 28 noyabr 2024-cü il tarixli iclasında ATMU, BBU, QKU, ADNSU 2024/2025-ci tədris ilindən başlayaraq, növbəti beş il müddətinə institusional akkreditasiyadan keçməsinə və GDU-nun qüvvədə olan akkreditasiya şəhadətnaməsinin müddətinin növbəti iki il üçün uzadılması, həmçinin bir ildən sonra təkrar akkreditasiya olunmasına dair qərar qəbul olunub.
2024-cü təqvim ilinin ikinci yarısında isə NDU, AİA, BSU, SDU, ADİU Zaqatala filialı, BDU Qazax filialında həyata keçirilən institusional akkreditasiya üzrə yekun hesabatlar müvafiq akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması gözlənilir. Müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə xaricdə əldə edilmiş kvalifikasiyaların peşə tanınmasında uğurluluq faizi illik əsasda 50 faiz təşkil edir".
O bildirib ki, xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları"nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları (68 ixtisas) üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən TKTA sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur:
"İmtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası TKTA ilə razılaşdırılmaqla DİM tərəfindən müəyyənləşdirilir. Cari il ərzində TKTA-nın sifarişi ilə DİM tərəfindən iki imtahan keçirilib. 4 may 2024-cü il tarixində DİM tərəfindən keçirilən imtahanda iştirak etmək üçün 466 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 426 nəfəri imtahanda iştirak edib. 23 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 44.3% təşkil edib. Nümunə üçün, hüquqşünaslıq üzrə imtahanda iştirak edən şəxslərin 66 faizi, ibtidai sinif müəllimliyi üzrə 91 faizi, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi üzrə 68 faizi 30 sualdan yarısına doğru cavab verə bilməyib.
6 oktyabr 2024-cü il tarixində DİM tərəfindən keçirilən imtahanda iştirak etmək üçün 305 nəfər namizəd qeydiyyatdan keçib və bunlardan 271 nəfəri imtahanda iştirak edib. 18 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 54% təşkil edib. Nümunə üçün, hüquqşünaslıq üzrə imtahanda iştirak edən şəxslərin 67 faizi, ibtidai sinif müəllimliyi üzrə 80 faizi 30 sualdan yarısına doğru cavab verə bilməyib. Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən peşə təhsil müəssisələrinin akkreditasiyası həyata keçirilib".
Onun sözlərinə görə, cari ildə TKTA tərəfindən peşə təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə qiymətləndirmə meyarları hazırlanıb və təsdiq olunub:
"Bununla yanaşı, 4 peşə təhsil müəssisəsi (Rabitə və İnformasiya Texnologiyaları üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi) üzrə müvafiq komissiyalar təşkil edilib və institusional akkreditasiya qiymətləndirilməsinin sahə baxışları həyata keçirilib. Hazırda sözügedən peşə təhsil müəssisələri üzrə yekun hesabatlar müvafiq akkreditasiya komissiyaları tərəfindən hazırlanır və növbəti aylarda Akkreditasiya Şurasının iclasına çıxarılması nəzərdə tutulur".