Prezident Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

 14-10-2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 14-də Estoniya Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vayno Reynartın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim edib.

Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlətimizin başçısı ikitərəfli münasibətlərin gündəliyinin genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya sahələrində və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı yeni imkanların müəyyənləşdirilməsinin önəmini qeyd edib, bunun üçün yaxşı imkanların olduğunu deyib.

Azərbaycana səfir təyin olunmasından şərəf duyduğunu bildirən Vayno Reynart Bakıya budəfəki gəlişi zamanı paytaxtda gedən inkişaf proseslərinin onda dərin təəssürat hissi yaratdığını deyib. O qeyd edib ki, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində Estoniya ölkəmizlə əlaqələrə önəm verir.

Səfir vurğulayıb ki, Estoniya Azərbaycanın Ermənistanla sülh müqaviləsinə nail olunması istiqamətində səylərini məmnunluqla izləyir və bununla bağlı beynəlxalq səviyyədə göstərilən səyləri də dəstəkləyir.

İkitərəfli əlaqələrə toxunan Vayno Reynart əməkdaşlığımızın dərinləşdirilməsi baxımından böyük imkanların olduğunu deyib, xüsusilə iqtisadi sahədə əlaqələrin inkişaf edəcəyinə ümidvarlığını bildirib.

Qarşılılqlı səfərlərin əhəmiyyətinə toxunan dövlətimizin başçısı özünün Estoniyaya, Estoniya Prezidentinin isə Azərbaycana səfərinin əlaqələrimizin inkişafında rolunu vurğulayıb.

Siyasi sahədə münasibətləri qeyd edən dövlətimizin başçısı həm ikitərəfli, həm də Avropa İttifaqı və digər beynəlxalq institutlar çərçivəsində əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirə edilməsinin vacibliyini vurğulayıb. Azərbaycan-Ermənistan sülh prosesinə toxunan dövlətimizin başçısı qeyd edib ki, ölkəmiz bu prosesin təşəbbüskarı olub və sülh müqaviləsinin baza prinsiplərini irəli sürüb. Bu istiqamətdə fəal işin getdiyini bildirən Azərbaycan Prezidenti sülh müqaviləsinin bütün müddəaları üzrə razılaşmaların əldə olunmasının vacibliyini bildirib, regional sabitliyə xidmət etməsi baxımından bu müqavilənin hər bir müddəasının önəminə toxunub.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və COP29-la bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Bənzər yazılar

0.10011506080627