Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) tərəfindən xarici ölkələrdə - Türkiyə, Gürcüstan, Fransa, Böyük Britaniya və Avstriyada 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilib.
MillətinSəsi.İnfo xəbər verir ki, Türkiyənin İstanbul şəhərində 20 Yanvar faciəsi ilə bağlı dəyirmi masa görüşü baş tutub. Üsküdar Universitetində keçirilən tədbirdə Türkiyədə yaşayan azərbaycanlı gənclərlə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələr müzakirə edilib. Gənclər, Ümummilli Lider Heydər Əliyevin faciənin ertəsi günü Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək qanlı hadisəni törədənləri pisləyən bəyanatını və Ulu Öndərin təşəbbüsü ilə faciəyə siyasi-hüquqi qiymət verilməsini müzakirə ediblər. Həmçinin, 2020-ci ilin sentyabrında başlayan 44 günlük Vətən müharibəsinin 20 Yanvar və Qarabağ şəhidlərinin qisasını aldığını vurğulayıblar.
Gürcüstanın Tbilisi şəhərində ASAP və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsi ilə əlaqədar foto-sərgi və anım tədbiri keçirilib. Tədbirdə, 20 Yanvar faciəsi şəhidlərinin xatirəsi yad edilərək, xalqın azadlıq mübarizəsi və Ulu Öndər Heydər Əliyevin qətiyyəti haqqında danışılıb. Muzeyin direktoru Leyla Əliyeva, Azərbaycanın müstəqillik yolunda bu faciənin dönüş nöqtəsi olduğunu qeyd edib.
Fransanın paytaxtı Paris şəhərində Azərbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə 1990-cı ilin 19-20 yanvar tarixində törədilən qanlı terror haqqında məlumat verilib və 20 Yanvarın Azərbaycanın müstəqillik mübarizəsinin simvolu olduğu vurğulanıb.
Böyük Britaniyada isə Azərbaycanın səfirliyində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib. Səfir Elin Süleymanov, Ümummilli Lider Heydər Əliyevin həmin dövrdəki çıxışını xatırlayaraq, Azərbaycanın müstəqilliyi və suverenliyinin qorunmasında şəhidlərin rolunu qeyd edib.
Avstriyanın paytaxtı Vyana şəhərində isə 20 Yanvar faciəsinə həsr edilmiş fləşmob təşkil olunub. Gənclər, bu faciənin Azərbaycanın azadlıq və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq mərhələsi kimi yazıldığını vurğulayıblar.
Bu tədbirlər, 20 Yanvarın tarixi əhəmiyyətini bir daha qeyd edərək, xalqın azadlıq mübarizəsinin davamlı olduğunu nümayiş etdirib.





