Deputat Vüqar İskəndərov: “Fransa anlamalıdır ki, Azərbaycanın tutduğu yolun geri dönüşü yoxdur” 

 27-12-2023

Özünü güclü dövlət hesab edən və Ermənistanın arxa-dayağı adlandıran Fransanın riyakarlığının ifşası bu ölkənin növbəti dəfə biabır olmasına gətirib çıxarıb.

Bunu “Report”a açıqlamasında deputat Vüqar İskəndərov deyib.

Onun fikrincə, artıq Fransa da anlamalıdır ki, Azərbaycanın tutduğu yolun geri dönüşü yoxdur.

“Prezident İlham Əliyevin qətiyyəti qarşısında heç bir güc dura bilməz. Azərbaycan Xarici İşlər Nazirliyinin Fransa səfirliyinin iki əməkdaşını “persona-non-grata” elan etməsi bir daha göstərir ki, Fransanın uğursuz xarici siyasəti nəticə etibarilə ancaq özünə düşmən qazandırır”, - deputat deyib.

V.İskəndərov qeyd edib ki, dünyada nüfuzunu itirən Makronun ölkəsi uğursuz xarici siyasi kursuna görə Afrikada qısa zamanda Niger, Qabon, Mərkəzi Afrika Respublikası, Burkino-Faso və Mali kimi keçmiş müstəmləkələrində sonuncu təsir imkanlarını da itirib, Rusiya-Ukrayna danışıqlarında vasitəçilik cəhdləri ilk başdan rüsvayçılıqla üzləşib.

“Bununla yanaşı Cənubi Qafqazda regional gücə çevrilən Azərbaycanın müstəqil xarici siyasəti görünür bu dövlətin bütün planlarını alt-üst edib. Cənubi Qafqazdakı siyasi mənzərəni dəyişən Azərbaycan Fransanın regionda möhkəmlənmə planlarına necə deyərlər “çomaq soxub”. Bu bir həqiqətdir ki, Fransanın agentura şəbəkəsinin ifşası ölkəmizin Xüsusi Xidmət Orqanlarının peşəkarlığı nəticəsində baş verib. Hətta Qərb mediası Prezident Makronun Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad etməsini Azərbaycan xüsusi xidmət orqanlarının bu uğurlu əməliyyatı ilə əlaqələndirib”, - o bildirib.

Deputat hesab edir ki, Fransa hazırda hər bir cəhətdən demək olar ki, Azərbaycan qarşısında məyusluq hissi yaşayır:

“Çünki siyasi meydanda da Prezident İlham Əliyev Fransa liderini məğlub etməyi bacarıb. Fransanın siyasi yolla da Azərbaycana qarşı istər BMT, istərsə də digər beynəlxalq qurumlar səviyyəsində yanlış iddialarının hər biri nəticəsiz qalıb. Bu baxımdan biz diplomatik yolla da bu dövləti proseslərdən kənarda tuta bilmişik”.

Milli Məclisin üzvü bəyan edib ki, Azərbaycanın illərlə yürütdüyü xarici siyasət bu gün bəhrəsini verir:

“Beynəlxalq aləmdə bizə olan etimad Azərbaycana imkan verir ki, öz xarici siyasətini müstqil şəkildə yürütsün və öz gələcək müqəddəratı barədə özü qərar versin. Çox maraqlıdır ki, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Hətta Ermənistan dövləti belə bu tədbirin Azərbaycanda keçirilməsinə dəstək verdiyi halda, rəsmi Paris, onun anti-Azərbaycan dairələri buna qarşı çıxıb, müvafiq müraciətlə çıxış ediblər. Nəticəsi olmayan bu cür çıxışlarla özünü gözdən salan Makron hakimiyyəti yaxşı olardı ki, belə işlərlə məşğul olmaqdansa gələn il Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşardı”.

Qeyd edək ki, dekabrın 26-da Azərbaycan XİN Fransa Səfirliyinin iki əməkdaşını diplomatik statuslarına uyğun olmayan və “Diplomatik əlaqələr haqqında” 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərinə görə onların Azərbaycan hökuməti tərəfindən “persona-non-grata” (arzuolunmaz şəxs) elan olunduğu bəyan edib.

 

Bənzər yazılar

0.18268203735352