Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya, soyqırımlar həyata keçirmişlər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrədn biri də 106 il bundan qabaq – 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-boşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğındır.
Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbirsanlıqlar yerlə-yeksan edilmişdir. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar, talış milliyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məscid və mədəni abidələri dağıtmışlar.
Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Araşdırmalardan məlum olur ki, 1918-ci il 31 mart soyqırımı qurbalarının sayı barədə dəqiq fikir yoxdur.
Belə ki, Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Milli Məclisinin nəşr etdtdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırıma məruz qaldığı qeyd olunur.
Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqın etmiş, uşaqdan böyüyə qədər hər kəsi qətlə yetirmişlər. Ekspertlərin rəyinə əsasən Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın, 965 uşağın öldürüldüyü bildirilir. Bakıda təkcə bir həftə ərzində 12 mindən çox insan, əksəriyyəti dinc sakinləri təşkil edən və əsas etibarilə müsəlman əhali vəhşicəsinə qətlə yetirilmişdir.
Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişini daha da dərindən araşdırmağa imkanlar yarandı. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanı ilə soyqırım aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı tarixi unutmamaq məqsədilə 31 Mart Azərbaycanlıların Soyqırım Günü elan edildi.
Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsilllərinin milli yaddaşını qorunması və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasını Prezidentinin 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərinə “Soyqırım memorial kompleksi” nin yaradılmasına qərar vermişdir. Memorial kompleks 2012-2013-cü illərdə Quba şəəhərində Qudyalçayın sol sahilində inşa edilmiş və 2013-cü il sentyabrın 18-də açılmışdır.
Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı Sərəncama əsasən, 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən geniş qeyd olunub. Erməni bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə müxtəlif tədbirlər hazırlanıb.
Tarix 74 il sonra yenidən təkrarlandı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində ermənilərin zaman-zaman törətdikləri qanlı qırğınların davamı olan daha bir dəhşətli soqırım baş verdi. Hücum zamanı şəhərdəki 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla öldürüldü. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralandı, 1275 nəfər girov götürüldü və insan alçaldan işgəncələrə məruz qaldı.
Bu gün əminliklə deyə bilərik ki, dövlət başçımız İlham Əliyein siyasi iradəsi, xalqımızın vətənpərvərliyi, həmrəyliyi sayəsində qarşıya qoyulan bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün bərpasına, soyqırımı həyata keçirənlərin ifşasına nail olmuşuq.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi,
Müasir Azərbaycan dili kafedrasının
baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru