“Bir ölkədə bir-birini təkrarlayan iki-üç səhiyyə qurumu olmamalıdır. Zənnimcə, tam olaraq A-dan Z-yə bütün müalicə, yəni xəstələrlə iş TƏBİB-ə verilməlidir. Müalicə TƏBİB-in işidir. Səhiyyə siyasəti isə Səhiyyə Nazirliyinin işidir”.
Ölkə.Az xəbər verir ki, bunu deputat Razi Nurullayev parlamentdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, əvvəllər həftədə 20-30 nəfər xəstəliklərin müalicəsinə görə kömək istəyirdi. “İndi bu rəqəm 3-4 nəfərdir. Şükürlər olsun ki, ağır ürək əməliyyatları belə, sığorta ilə edilir. Minlərlə ürək xəstələri sağlamlığına qovuşub. Digər xəstəliklər də həmçinin. Həm İcbari Tibbi Sığorta Agentliyinə, həm də TƏBİB-ə hörmətimi bildirirəm. Xeyli müsbət irəliləyişlər var. Çatışmayan məsələlər, problemlər də çoxdur və ümid edirəm ki, qarşılıqlı dialoq əsasında onların da həllinə nail ola biləcəyik. Sığortaya daxil olmayan bir çox xəstəliklərin müalicəsində isə əvəzolunmaz xidmət Heydər Əliyev Fonduna məxsusdur”, - o qeyd edib.
Deputat əlavə edib ki, Səhiyyə Nazirliyinin gördüyü işlər çoxdur: “Bununla bərabər, səhiyyə siyasətində ciddi axsamalar var.
Birincisi, Səhiyyə Nazirliyi və TƏBİB arasında konkret və ikili yanaşmaya heç bir əsas verməyən vəzifə və səlahiyyət bölgüsü təxirəsalınmadan həyata keçirilməlidir.
İkincisi, bütün Azərbaycan bölgələri üzrə səhiyyə siyasəti müəyyənləşməlidir ki, ona görə də səhiyyə xidmətləri göstərilsin. Yas məclislərində olan zaman şahidlik edirəm ki, bəzi yerlədə ürək, bəzi yerlədə onkoloji, bəzi yerlərdə şəkər və buna bənzər xəstəliklər üstünlük təşkil edir. Bunlar araşdırılırmı? Səbəblər nədir? Ətraf mühitə, suya, ərzaq məhsullarına, yaxud hansısa sənaye obyektlərinə və sairə”.
O eyni zamanda ölkəmizin səhiyyə siyasəti ilə bağlı ictimai dinləmənin keçirilməsini təklif edib.