"Bu gün kifayət qədər hüquqşünas var ki, vəkil olmaq istəyir. Artıq ölkədə vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələdir. Bir çox sahələrdə fəaliyyətdə göstərən təcrübəli, savadlı hüquqşünaslar vəkilliyə üz tutur".
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, Azərbaycan vəkillərinin fəaliyyəti üçün bütün şərait mövcuddur.
"Ölkəmizdə vəkillərimizin hüquqları qanunvericilikdə geniş təsbit olunub. Hər kəsin keyfiyyətli hüquqi yardım almaq kimi konstitusion hüququ var. Bu hüququn realizə edilməsində Azərbaycan vəkilləri üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bu gün regionlarda vəkillərin sayı artmaqdadır.
Eyni zamanda Naxçıvanda da vəkillərin sayında müsbət dinamika müşahidə olunur. Təbii ki, ölkədə vəkillərin sayının artması qarşımızda duran ən birinci vəzifədir. Ancaq ən savadlı, ən təcrübəli və hazırlıqlı hüquqşünaslar Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunur. Məlumat üçün qeyd edim ki, Kollegiyaya müraciət edən 10 namizəddən yalnız 3-ü vəkil statusu əldə edir. Çünki keçilən imtahanlar çox mürəkkəbdir. Ancaq buna baxmayaraq namizədlərin sayı kifayət qədərdir", - deyə sədr bildirib.