Rusiyanın Azərbaycandan istədiyi sabiq hakim Yelena Xaxaleva haradadır?

 22-05-2025

Rusiyada axtarışa verilmiş sabiq hakim Yelena Xaxaleva hələ mart ayında Azərbaycanı tərk edərək üçüncü ölkəyə gedib.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Xaxalevanın vəkili Şəhla Hümbətova məlumat verib.

O, müvəkkilinin hansı ölkəyə getdiyini bilmədiyini deyib.

Hümbətova xatırladıb ki, Xaxaleva 2025-ci ilin yanvarında Bakıya gələn zaman saxlanılıb və Kürdəxanı təcridxanasında həbsdə olub. Sonradan apellyasiya məhkəməsi həbs qərarını ləğv edərək onu polis nəzarətinə verib. Bir müddət kirayə mənzildə yaşayan Xaxaleva Azərbaycan Baş Prokurorluğunun ekstradisiyadan imtina qərarından sonra sərbəst buraxılıb.

O, yanvarın sonunda Heydər Əliyev Beynəlxalq Aeroportunda saxlanılmış, yanvarın 24-də Xəzər Rayon Məhkəməsi onun barəsində 40 günlük həbs qətimkan tədbiri seçmişdi. Fevralın 4-də isə Bakı Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib. Martın 10-da ekstradisiya sorğusunun rədd edildiyi açıqlanmışdı.

Xaxaleva barəsində iş

Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Xaxaleva 2021-ci ilin dekabrında İrəvana gedib və Rusiyaya qayıtmayıb. İttihama əsasən, o, 2016-19-cu illər ərzində 127 iş günü məhkəməyə gəlməyib, əmək vaxtı sənədlərində saxtakarlıq edərək 1.195 milyon rubl (təxminən 25.3 min manat) qanunsuz əməkhaqqı alıb. Rusiya Ali Məhkəməsində qərardan şikayət etsə də, sonradan imtina edib. 2020-ci ildə hakim statusundan məhrum edilib.

Xaxaleva ətrafında qalmaqal 2017-ci ildə qızının dəbdəbəli toyu ilə bağlı yayılan məlumatlardan sonra yaranmışdı. Bildirilirdi ki, həmin toyda guya Vera Brejneva, İosif Kobzon, Nikolay Baskov və Valeri Meladze çıxış ediblər. Bundan sonra mətbuatda onun diplomunun saxta olduğu ilə bağlı məlumatlar yayılsa da, bu iddialar təsdiqlənmədi.

Xaxaleva 2004-cü ildə Krasnodar vilayət məhkəməsinin hakimi, daha sonra inzibati işlər üzrə kollegiyanın sədri olub. 2018-ci ilin noyabrında bu postdan ayrıldığı bildirilib.

Bənzər yazılar

0.068375110626221