Əli Məsimli: “Vətəndaşların qanunsuz olaraq vaxtından artıq işlədirlməsi birbaşa istismardır” 

 09-12-2023

Milli Məclisin bu gün keçirilən plenar iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli müzakirələrdə qadınların iş rejiminə diqqət çəkib. Bildirib ki, qadınlar üçün ağır yox, layiqlı iş yerlərinin dairəsi genişləndirilməlidir.

Musavat.com-un məlumatına görə, Ə.Məsimli bildirib ki, təklif olunun qanun layihəsinə əsasən, hamilə, üç yaşına qədər uşağı olan və 18 yaşına qədər əlilliyi olan uşaqlara baxan qadınlar gecə növbələrində, bayram günlərində işləyə biləcək, ezamiyyə cəlb oluna biləcəklər:

“Bu məqsədlə qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), siyahısı kəskin surətdə ixtisar edilib”.

Ə.Məsimli hesab edir ki, qadınların işlə təmin edilməsi məsləsini Dünya Bankının qadınların əmək münasibətləri normalarına uyğunlaşdırarkən mental xüsusiyytlərimiz nəzərə alınmalıdır:

“Gecə növbəsinə işə, eləcə də normadan artıq işə cəlb edilmə yazılı razılıq əsasında olmalıdır. Eyni zamanda həm də qadınlar üçün yeni iş yerləri imkanları əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin sayının artırılması hesabına yox, layiqlı iş yerlərinın dairəsinin genişləndirilməsi hesabına artırılmalıdır. Qadınlar ağır işlərə, gecə işlərinə cəlb olunmaqdansa, onlar üçün daha münasib olan sahələrdə məşğulluq imkanları genişləndirilməliidr.

Qadınların daha çox çalışdığı təhsil və səhiyyə ilə yanaşı, onların emal sənayesi, yüngül və yeyinti sənayesi, xidmət, biznes sahələrində çalışmaları üçün geniş və real şərait yaradılmalır. Son 30 ildə Azərbaycanda emal sənayesinin payı 90 faizdən 21 faizə, yüngül və yeyinti sənayesinin toplam payı isə 42 faizdən 6 faizə enib. Ölkəmizdə istehsal olunan sənaye məhsullarının 10 faizdən də azı regionların payına düşür. Sənaye istehsalının ərazi strukturu regionların xeyrinə təkmilləşdirilməli, regionlarda qadın və gənclərin məşğulluğunun genişləndirilməsi sahəsində real nəticələri aydın görünən tədbirlər görülməlidir”.

Deputat əlavə edib ki, əmək qanunvericiliyinin bir sıra məqamları təkcə qadınlara münasibətdə yox, ümumiyyətlə, işləmir, qanunda bir şey yazılıb, real həyatda isə tamamailə başqa mənzərdir:

“Bir sıra hallarda qanunda öz əksini tapan tələblərə real həyatda əməl olunmur. Bizə olan sosial xarakterli məsələlərə dair müraciətlərin içərisində işçilərin iş vaxtından artıq işə cəlb olunması sahəsindəki qanun pozuntuları xüsusi yer tutur. Həmin müraciətlərdən birində deyilir ki, bu sahədə Azərbaycan Konstitusiyası, Əmək qanunvericiliyi kobud surətdə pozulur.

Qoşulduğumuz beynəlxalq konvensiyalara əsasən də həftədə 40 saatdan çox olmamalı olan iş vaxtı bir sıra idarə və müəssisələrdə 54 saatdan yuxarıdır. Bir çoxlarında hətta 60-70 saata çatır. Yəni işçilər həftədə 6 gün olmaqla hər gün minimum 9 saat işləməyə məcbur edilir. Bəzi müəssisələrdə isə personalı hətta 10, 12, 14 saat işləməyə məcbur edirlər. Əmək Məcəlləsinin 165-ci maddəsinə görə, iş vaxtından əlavə işə cəlb olunma müvafiq qaydada əmək haqqının iki misli dəyərində ödənilməlidir. Bəzi hallarda işçiyə həmin artıq iş vaxtına görə əməkhaqqı da ödənilmir. Monitorinqlər aparılsa, məlum olacaq ki, bu sahədə xeyli pozuntular var. İşçı əlavə işə cəlb edilərkən çox vaxt yazılı razılıq olmur”.

Ə.Məsimli onu da bildirib ki, vətəndaşların qanunsuz olaraq vaxtından artıq işlədirlməsi birbaşa istismardır və kimlərəsə əlavə pul qazandırırsa, əksəriyyətin sağlamlığı, ailəsi bundan ziyan çəkir:

“Bu problem hətta ailədaxili münaqişələrə, aillələrin dağılmasına da ciddi təsir edir”.

Ə.Məsimlinin sözlərinə görə, ən pisi isə odur ki, içşilərin bu cür açıq şəkildə istismarı halları getdikcə daha çox oturuşmuş hal almaqdadır:

“Ona görə də bu məsələ ilə bağlı Konstitusiyaya, müvafiq qanunlara cidid şəkildə əməl olunması təmin edilməlidir. Bu cür istismar halları aradan qaldırılmalıdır. Monitoriqlər keçirilməli, nəticələri ictimailəşdirilməli və işçilərin açıq istismarı ilə məşğul olanlar qanunvericilikdə nəzərdə tutulan qaydada cəzalandırılmalıdır”.

 

Bənzər yazılar

0.15482711791992