Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, 19 nəfər dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
"Bu gün saat 16:05-dən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın cinsli, üç kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib. Hazırda 14 nəfərin müalicəsi davam etdirilir.
Vəziyyətləri qənaətbəxş olan beş nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda qeyd olunub.
Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, məsələ qurumun Abşeron-Xızı regional bölməsinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
"Agentliyin mütəxəssisləri dərhal hadisə yerinə yollanıblar.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı məlumat veriləcək".
Sumqayıt Tekstil Fabrikində kütləvi zəhərlənmə hadisəsini iki dövlət qurumu təsdiqləsə də, fabrikin "qaynar xətt"inə edilən zəngə cavab verən şəxs faktı inkar etməyə çalışıb.
O, Oxu.Az-a açıqlamasında belə bir hadisənin olmadığını bildirib.
Əməkdaşımız TƏBİB-in məlumatı təsdiqlədiyini xatırladandan sonra sözügedən şəxs laqeyd tonda fikrini dəyişib: "O zaman TƏBİB-dən soruşun. Mənə niyə zəng etmisiniz? Mən mühasibəm", - deyə cavabdan yayınıb.
Maraqlı burasındadır ki, açıqlama verən şəxs faktı inkar edəndə "mühasib" olduğunu unudaraq qurumu müdafiə edib.
21.04.2025-ci il tarixində saat 16:05-dən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 21 nəfər (18 qadın cinsli, 3 kişi cinsli olmaqla) hospitalizasiya olunub.
Oxu.Az-ın məlumatına görə, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
1. Gülayə Ruhulla qızı Poladova;
2. Pərvanə Araz qızı Gözəlova;
3. Hüsniyyə Səlvər qızı Gülüsova;
4. İradə Sahib qızı Aslanova;
5. Səməngül Əvəz qızı Süleymanova;
6. Zeynəb Mehman qızı Əlirzayeva;
7. Əfqan Həsən oğlu Rüstəmov;
8. Nəsibə Ayaz qızı Həsənova;
9. Şəhanə Famil qızı İsmayılova;
10. Şəbnəm Mahir qızı Kərimova;
11. Aytən Adil qızı Zamanova;
12. Elgün Xankərəm oğlu Kərimov;
13. İradə Əzizağa qızı Baloğlanova;
14. Rəvanə Cahangir qızı İsmayılova;
15. Gövhər Əhməd qızı Əhmədova;
16. Novruz Əvəz oğlu Məmmədov;
17. Səbinə Əvəz qızı Həşimova;
18. Tərlan İsa qızı Muradova;
19. Nuranə Elmar qızı Sərdarova;
20. Gülbəs Tahir qızı Mikayılova;
21. Xəyalə Rauf qızı Əhmədova.