"Qobu Park-2"də mənzillərin divarları çatlayır?

 21-04-2025

"Qobu Park-2" yaşayış kompleksində vətəndaşlar yaşadıqları mənzillərin divarlarının çatlamasından narazıdırlar.

Oxu.Az-a danışan sakinlərin sözlərinə görə, yeraltı qrunt suları binanın bünövrəsini yumşaltdığı üçün əyilmələr yaranır, bu isə mənzillərdə çatların yaranmasına səbəb olur.

Sakinlər bildirirlər ki, artıq bir neçə dəfə yeraltı qrunt sularının kanalları betonla doldurulsa da, problem köklü olaraq həll edilmir, əksinə, vaxtaşırı yenidən digər binalar üçün təhlükə yaranır. Narazılıq edən sakinlər sözügedən binalardan köçmək istədiklərini də dilə gətiriblər.

Bina sakinlərinin sözlərinə görə, yaranmış təhlükəli vəziyyətin aradan qaldırılması istiqamətində ciddi tədbirlər görülmür. “Bina 40-50 sm əyilib. Uşaqlar yata bilmirlər, qorxurlar. Uşaqları aparmağa yer tapmıram”, - deyə sakin qeyd edib. Ərazi üzrə Mənzil Kommunal İstismar Sahəsindən verilən məlumata görə, binanın qəzalı vəziyyətə düşməsinin səbəbi altına qrunt sularının yığılmasıdır.

Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti qurumlara sorğu ünvanlanıb.

 

"Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən "Qobu Park-2" yaşayış kompleksində bir müddət öncə podratçı şirkət və aidiyyəti qurum tərəfindən araşdırma aparılıb. Nəticədə binaların möhkəmliyi və təhlükəsizliyi ilə bağlı hər hansı problem qeydə alınmayıb".

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən bildirilib.

Məlumatda qeyd olunub ki, keçirilən texniki baxış və mühəndis yoxlamaları zamanı binaların istismar göstəriciləri normativ tələblərə uyğun qiymətləndirilib və hər hansı struktur riski aşkar edilməyib:

"Hazırda kompleksin texniki durumu daimi nəzarətdə saxlanılır".

Bənzər yazılar

0.062129020690918