Ali Məclisin sədri olmaq üçün tələblər azaldılır: Sədr artıq ali vəzifəli şəxs sayılmayacaq

 21-06-2025

Naxçıvan MR Ali Məclisinin sədrliyinə namizədlər üçün tələblər azaldılır.

MilletinSesi.info xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilmək üçün Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşamaq tələbi aradan qaldırılacaq.

Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ali təhsilli hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə biləcək.

Qüvvədə olan Konstitusiyaya əsasən, yaşı otuzdan aşağı olmayan, Naxçıvan Muxtar Respublikasının ərazisində beş ildən az olmayaraq daimi yaşayan, başqa dövlətlər qarşısında öhdəliyi olmayan, ali təhsilli, ikili vətəndaşlığı olmayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin hər bir deputatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilə bilər. Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Milli Məclisdə Naxçıvanın muxtariyyət məsələsi müzakirə edilib

Bundan başqa, Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının muxtariyyət məsələsi müzakirə edilib. 

Məsələ ilə bağlı ilk təklifi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev verib. 

Onun sözlərinə görə, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac məsələsi müzakirə edilməlidir: “Geniş ictimaiyyət müzakirələrə başlasın. Naxçıvan balaca yerdir. Əvvəllər haradasa başa düşmək olardı. Həmçinin, İran üzərindən qısa yol çəkilir. Tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim konstitusiyaya görə, Naxçıvan həm də unitar dövlətdir. Bu baxımdan orada muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır. Bu gün Naxçıvanda problem yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmalı deyil. Məsələn, Naxçıvanın kəndlərində su çatışmır, əkin sahələri azdır. İnsanların evində qaz var, amma qazı yandırmağa, onun pulunu verməyə imkanları yoxdur. Bu baxımdan, odun yandırırlar. Çalışmaq lazımdır ki, Azərbaycanda dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin”.

Deputat Eldar İbrahimov həmkarının fikirlərinə münasibət bildirib: “Burada Naxçıvanın muxtariyyət statusundan söhbət getdi. Status qalmalıdır. Hər şeyi zaman həll edir. Zaman gələndə öz sözünü deyir. Nəzərə alsaq ki, qonşularımızla necə yaşayırıq, o mövzunu geniş açmaq istəmirəm. Hələlik Naxçıvanın muxtar statusu yerindədir və yerində də qalacaq. Nə vaxt zaman tələb edər o vaxt məsələlər həll edilər”.

Naxçıvan Ali Məclisinə seçkilərin təyin edilməsi müəyyənləşir

Həmçinin, Naxçıvan MR Ali Məclisinə seçkilərin təyin edilməsi və buraxılması qaydası müəyyənləşir.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Qüvvədə olan qanuna görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkiləri təyin edir.

Layihəyə əsasən, müharibə şəraitində hərbi əməliyyatların aparılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərin keçirilməsini mümkün etmədikdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti hərbi əməliyyatların sonunadək uzadılır. Bu barədə qərar Naxçıvan Muxtar Respublikasında seçkilərin hazırlanmasını və keçirilməsini təmin edən dövlət orqanının müraciətinə əsasən Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən qəbul edilir.

Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavə edilməsi təklif olunan 28-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi 31 deputatın tələbi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən və ya Konstitusiyanın müvafiq maddələrində (26-cı maddənin II–V hissələri və və 27-ci maddə) göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra edə bilmədikdə Azərbaycan Respublikasının Prezidenti tərəfindən buraxılacaq.

Layihəyə əsasən, növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbəti seçkilər növbədənkənar seçkilərdə seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayının birinci bazar günü keçiriləcək.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 26-cı maddənin (Qanunvericilik təşəbbüsü hüququ) II–V hissələri aşağıdakılardır:

- Naxçıvan Muxtar Respublikası Baş nazirinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin qanunvericilik təşəbbüsü qaydasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə verdiyi qanun və qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur;

- Belə qanun və ya qərar layihələrində dəyişikliklər qanunvericilik təşəbbüsü hüququndan istifadə edən orqanın razılığı ilə edilə bilər;

- Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının Naxçıvan Muxtar Respublikası Baş nazirinin və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdim etdiyi qanun və qərar layihələri iki ay ərzində səsə qoyulur;

- Qanun və qərar layihəsini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi təcili elan edibsə, bu müddət 20 gün təşkil edir.

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən (Qanunların və qərarların imzalanması), qanunlar və qərarlar qəbul edildiyi gündən 10 gün müddətində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən imzalanır. Təcili elan olunan qanun və qərar layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən qəbul edildiyi gündən 24 saat ərzində imzalanır.

Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılacaq. Naxçıvan Muxtar Respublikası Ali Məclisinə seçkilərdən sonra martın 10-dək onun 31 deputatının sәlahiyyәtlәri təsdiq edilməzsə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclasının keçirilmə vaxtını Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi müəyyən edəcək.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyalarını Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında çağıracaq.

Qeyd edilib ki, Azərbaycan Prezidentinin və ya Azərbaycan Milli Məclisinin təklifi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasının qapalı iclasının keçirilə biləcək.

Qüvvədə olan Konstitusiyaya əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi hər il iki növbəti sessiyaya yığılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 31 deputatının səlahiyyətləri təsdiq edildikdən sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası həmin gündən başlayaraq bir həftədən gec olmayaraq çağırılır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbədənkənar sessiyaları Azərbaycan Respublikası Prezidenti, Azərbaycan Respublikası Milli Məclisi tərəfindən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 16 deputatının tələbi əsasında və ya öz təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən çağırılır.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Sədr artıq ali vəzifəli şəxs sayılmayacaq

Naxçıvan Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsi sayılmayacaq.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsinə dair 5-ci maddə Konstitusiyadan çıxarılacaq.  Hazırda qüvvədə olan Konstitusiyanın 5-ci maddəsinə görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Naxçıvan Muxtar Respublikasının ali vəzifəli şəxsidir.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib. 

Naxçıvanda da icra başçılarını Prezident təyin edəcək

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin ediləcək.

Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri səlahiyyətləri sırasına Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Prezidentinə təqdimat vermək daxil edilir.

Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib. 

Bənzər yazılar

0.069615840911865