Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin açıqlamasına əsasən, əgər indiki demoqrafik meyillər davam edərsə, 30 ildən sonra Azərbaycanda hər 9 oğlana cəmi 1 qız düşəcək. Bu isə ölkədə ciddi gender disbalansı təhlükəsi yaradacaq.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, cəmiyyətdə valideynlərin yalnız oğlan övladı istəməsi kimi fikir artıq keçmişdə qalıb:
“Düşünmürəm ki, bu gün valideynlər qız övladı istəmir. Həmin zehniyyət artıq aradan qalxıb. Müasir dövrdə valideynlərin sırf oğlan arzulaması tendensiyası müşahidə olunmur. Burada əsas məsələ, azuşaqlı ailələrin formalaşmasıdır.
Artıq ailələr bir və ya iki uşaqla kifayətlənirlər. Əvvəllər bir ailədə 5-6 uşaq olurdusa, onların dördü qız ola bilərdi. İndi isə uşaq sayı azaldığı üçün bu nisbət dəyişib. Bu da qız övladının sayına təsir edir”, - deyə o, bildirib.
Deputatın sözlərinə görə, vəziyyətin əsas səbəbi ailələrin övlad sayını məhdudlaşdırması və ailə planlamasında fərqli yanaşmaların artmasıdır.
O, bildirib ki, cinsiyyətə görə seçim etmək sağlam yanaşma deyil və bu mövzu ilə bağlı maarifləndirici tədbirlərin gücləndirilməsi vacibdir.