“Əkinçi” – bu ad təkcə bir qəzetin deyil, həm də bir xalqın maarif yolunda atdığı ilk addımın simvoludur.
“Əkinçi”nin dili isə o addımın səsi, ruhun aynası idi. 1875-ci ildə Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzeti, Azərbaycan mətbuat tarixinin şərəfli başlanğıcı oldu. Bu qəzet sadəcə bir informasiya vasitəsi deyil, həm də xalqın maarifləndirilməsi, ictimai fikrin formalaşdırılması üçün güclü bir tribuna idi. Ancaq onun əsl dəyərini və təsirini anlayanlar üçün ən mühüm məqamlardan biri – onun dili idi.
“Əkinçi”nin dili sadə idi, aydındı, xalqın qulağına, könlünə tanış gəlirdi. O dövr üçün bu, inqilabi bir addım idi. Çünki Azərbaycanda yazı dili illərlə fars və ərəb sözləri ilə yüklənmiş, rəsmi və dini üslubda, xalqdan uzaq olmuşdu. Həsən bəy Zərdabi isə bu maneəni qırdı. O, başa düşürdü ki, maarifləndirmək üçün ilk növbədə xalqın başa düşdüyü dildə danışmaq lazımdır.
“Əkinçi”nin dili mədəniyyətin, elmin sadələşdirilmiş forması idi. Məsələn, kənd təsərrüfatı, təbiət, əkinçilik, gigiyena, maarif və təlim haqqında yazılan məqalələrdə mürəkkəb elmi terminlər deyil, xalqın gündəlik danışıq dilindən istifadə olunurdu. Bu, oxucuda yaxınlıq, inam, maraq yaradırdı.
“Əkinçi” həm də Azərbaycan türkcəsinin hüquqlarını müdafiə edən ilk mətbuat orqanı idi. Həsən bəy Zərdabi ana dilində yazmağı bir vətəndaşlıq borcu kimi qəbul edirdi. O yazırdı: “Əgər biz öz dilimizi qorumasax, onu təmiz saxlamasax, kim saxlayacaq?” Bu fikirlər bir çağırış idi – dilə, millətə, maarifə. “Əkinçi” bu baxımdan həm də ana dilinin müstəqilliyi uğrunda mübarizə aparan bir qəzet idi.
Qəzetin dili həm də maarifçiliyin, mütərəqqi fikrin təbliğatçısı idi. Cəhalətlə, fanatizmlə, savadsızlıqla mübarizə aparan “Əkinçi”, bunları təhqir etmədən, xalqı özündən incitmədən, mədəni vəbunları təhqir etmədən, xalqı özündən incitmədən, mədəni və təmkinli şəkildə tənqid edirdi. Bu isə yazı dilinə yüksək bir etik mədəniyyət gətirirdi.
Cəmi iki il, 56 nömrə nəşr olunsa da, “Əkinçi”nin dili sonrakı mətbuat orqanlarına böyük təsir göstərdi. “Ziya”, “Kəşkül”, “Molla Nəsrəddin” və digər mətbuat nümunələri “Əkinçi”nin sadə, xalqsevər və maarifçi dil ənənəsini davam etdirdi. Bu, Azərbaycan mətbuatının formalaşmasında vacib mərhələ oldu.
Bugünkü medianın qarşısında duran ən mühüm vəzifələrdən biri – xalqla səmimi dildə danışmaq, onu yormadan, öyrətmək və düşündürməkdir. Bu missiyanı 150 ildən əvvəl Həsən bəy Zərdabi və onun “Əkinçi”si yerinə yetirməyə başlamışdı.
Buna görə də “Əkinçi”nin dili – təkcə mətbuat dili deyil, həm də bir millətin özünüdərk dilidir.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili
kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru