"Fond üçün illik indeksasiyanın maliyyə yükü 530 milyon manatdır. Bu vəsait DSMF-nin cari il üçün büdcəsində nəzərdə tutulub".
MillətinSəsi.info xəbər verir ki, bu fikirləri Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov keçirdiyi brifinqdə səsləndirib.
O bildirib ki, bu rəqəm keçən il üçün əmək pensiyalarının maliyyələşməsinə sərf olunan vəsaitin təxminən 11 faiz üzərindədir:
"Yəni 795 milyon manat daha artıq vəsaitin ödənilməsi nəzərdə tutulur. Əmək kapitallarının artırılması isə şəxsin topladığı sığorta kapitalı ilə yanaşı, onun kapitalının artımına dövlət tərəfindən də əlavə bir dəstəyi özündə ehtiva edir. Hazırda pensiyaya çıxmaq üçün tələb olunan kapital 46 milyon manat ətrafındadır. Həyatın yığım sığortası ilə bağlı edilən dəyişikliklər illik təxminən 30-50 milyon manat arasındadır. Minimum əməkhaqqının artırılması 700 000 şəxsi əhatə edir".
DSMF-nin İdarə Heyətinin sədri Himalay Məmişov bildirib ki, minimum əməkhaqqı artırılan şəxslərdən 400 000 nəfəri dövlət, 300 000 nəfəri isə özəl sektorda çalışır.
Qeyd edək ki, Prezident İlham Əliyevin 23 dekabr 2024-cü il tarixli Sərəncamına uyğun olaraq, reallaşdırılan yeni sosial islahat paketi çərçivəsində 2025-ci ilin əvvəlindən minimum əməkhaqqı 345 manatdan 16 faiz artımla 400 manata çatdırılıb, özəl sektor da daxil olmaqla bir sıra sahələrdə əməkhaqları artırılıb.