Dövlət vəsaiti hesabına inşa ediləcək binaların tikinti prosedurları sadələşdirilir
Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasların siyahısı genişləndirilir.
MillətinSəsi.İnfo xəbər verir ki, sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Mülki Məcəlləyə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına tikilmiş yaşayış evlərinə və çoxmənzilli yaşayış binalarının mənzillərinə münasibətdə-həmin evlərin və mənzillərin təqdim edildiyi şəxslərin siyahısı (hər bir şəxsə təhvil verilən yaşayış evi və (və ya) mənzil dəqiq göstərilməklə), yaşayış evlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, çoxmənzilli yaşayış binasının tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və istismarına icazə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunacaq.
Bundan başqa, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş və ya yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli binanın tikinti prosedurları sadələşdirilir.
Sözügedən məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Şəhərsalma və Tikinti Məcəlləsinə təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Mövcud qanunvericiliyə görə, sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir.
Həmçinin tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra müvafiq icra hakimiyyəti orqanı (qurum) aşağıdakıları təmin edir:
- tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün şəhərsalma sənədlərinə uyğunluğun təmin edilməsi, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini;
- yuxardakılara müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini.
Layihədə isə qeyd olunur ki, rəyin bildirilməsi üçün sorğunun göndərilməsi ilə bağlı tələb təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa ediləcək yeni çoxmənzilli yaşayış binasının tikinti layihəsinə şamil edilməyəcək.