>

Satdığı dönərdən 20 nəfər zəhərləndi

 21-08-2025

Şəmkirdə 20 nəfər dönərdən zəhərlənib.

MillətinSəsi.İnfo xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsi hadisə ilə əlaqədar daxil olan məlumat əsasında aidiyyəti qurumlarla birgə araşdırmalara başlayıb.

Qurumun yaydığı məlumata görə, ilkin araşdırmalar nəticəsində hadisəyə Şəmkir-Qazax magistralında fəaliyyət göstərən Əhmədov Bəxtiyar Abbas oğluna məxsus “Almalı” kafedən alınan dönər məhsulunun səbəb olduğu müəyyən edilib.

“Agentliyin mütəxəssisləri tərəfindən iaşə müəssisəsində müvafiq yoxlamalara başlanılıb, qida və səthlərdən nümunələr götürülərək laborator müayinələrə cəlb edilib. Laborator analizlərin sınaq nəticələrinə əsasən hadisənin dəqiq başvermə səbəbi məlum olacaq. İaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Faktla bağlı araşdırmalar davam edir”, - məlumatda deyilir.

APA-nın məlumatına görə, sözügedən iaşə müəssisəsindən dönər alıb yeyən, 7-i kişi, 13-ü qadın olmaqla, 20 nəfər Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən bildirilib ki, 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin isə müalicəsi xəstəxanada davam etdirilir: “Vəziyyətləri qənaətbəxş qiymətləndirilir”.

Bənzər yazılar

0.070437908172607