Üç yaşa qədər uşağı olan valideynlərə müəyyən güzəştlər olunsun - TƏKLİF

 11-06-2025

Üç yaşa qədər uşağı olan valideynlərə iş yerlərində müəyyən güzəştlərin olunması təklif edilir

MillətinSəsi.İnfo xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin Elm və təhsil komitəsində müzakirəyə çıxarılan "Təhsil haqqında" və "Məktəbəqədər təhsil haqqında" qanunlara təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı çıxış edib.

O, 3 yaşa qədər uşaqların bağçalara göndərilməsinin bəzi problemlərə yol açdığını deyib:

"Uşağın ilk 3 ili onun emosional, psixoloji və nevroloji inkişafı baxımından ən vacib dövrdür. Bu dövrdə körpənin əsas ehtiyacı oyuncaq deyil, ana qucağı, sevgi və sabitlikdir. Bu yaşda ana ilə emosional bağın qurulması, təhlükəsizlik hissi və sabitlik uşağın gələcək psixoloji sağlamlığı üçün əsasdır. Erkən yaşda bağçaya göndərilən uşaqlarda stress hormonlarının (kortizol) səviyyəsinin artması müşahidə olunmuşdur ki, bu da uzunmüddətli emosional və davranış problemlərinə səbəb ola bilər. Təəssüf ki, bir çox valideyn iş rejiminin və həyat tələblərinin təsiri ilə bu dövrdə uşağı bağçaya göndərməyə məcbur olur. Nəticədə, körpələr səs-küylü, yad mühitə düşür və bu, onların daxili stresini artırır".

"Beynəlxalq təcrübədə bu məsələyə xüsusi diqqət yetirilir. Bir çox ölkələrdə 3 yaşdan əvvəl bağçaya keçid mərhələli olur, uyğunlaşma proqramları tətbiq edilir. Məsələn, İsveçdə "inskolning" adlı mərhələli uyğunlaşma prosesi tətbiq olunur. Valideynlərə övladlarının bağçaya adaptasiyası üçün valideynə iş yerindən qanuni icazə tətbiq olunur. Avstraliyada "National Quality Framework" çərçivəsində erkən uşaq baxımı və təhsili üçün milli standartlar müəyyən edilmişdir.

Təklif edirəm ki, 0-3 yaşlı uşaqlara baxan valideynlər üçün çevik iş rejimi, qısaldılmış iş rejimi, müəyyən vəzifələr üçün onlayn çalışmaq icazələri qanunla tənzimlənərək tətbiq olunma mexanizmlərinə baxılsın. Ev əsaslı baxım dəstəklənsin-dayə və ailə yardım proqramları gücləndirilsin. Uşaq bağçalarında uyğunlaşma mərhələli və fərdi şəkildə həyata keçirilsin. Uşağın psixoloji vəziyyəti nəzərə alınsın. Valideynlərə psixoloji və bağçaya adaptasiya mövzusunda maarifləndirici dəstək verilsin", - deyə deputat əlavə edib.

Bənzər yazılar

0.073400974273682