Azərbaycan azad olunmuş ərazilərdə minatəmizləmə və yenidənqurma işlərində irəliləyiş əldə edib

 11-12-2024

"Azərbaycan hökuməti işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə, bərpa və yenidənqurma, sosial-iqtisadi inkişafa diqqət yetirməklə təqdirəlayiq irəliləyiş əldə edib".

Bunu "Report.az"un ABŞ bürosuna açıqlamasında BMT-nin Azərbaycandakı rezident koordinatoru ofisinin rəhbəri Kanako Mabuçi deyib.

Mabuçi bildirib ki, BMT Azərbaycan hökumətinin münaqişədən sonrakı bərpa səylərinə dəstək olmaqda davam edir.

"Bu istiqamətdə tərəfdaşlığı davam etdirəcəyik və Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə çatmaq prosesini sürətləndirmək üçün götürdüyümüz öhdəliklərə sadiq qalırıq", - o vurğulayıb.

Rəsmi qeyd edib ki, BMT-nin Azərbaycandakı nümayəndəliyi məcburi köçkünlərin təhlükəsiz qayıdışı, reinteqrasiyası və reabilitasiyası üçün ilkin şərt olan minatəmizləmə prosesinin aktuallığını qəbul edir. "İtki və Zərər Fondunun (Loss and Damage Fund) tam fəaliyyət göstərməsini təmin etmək üçün COP29-da qəbul edilmiş qərar çoxdan gözlənilirdi. BMT-nin dəstəyinə aşağıdakılar daxildir: minatəmizləmə, geri qayıtmış məcburi köçkünlər üçün yaşayış vasitələri təmin etmək, sosial xidmətlər, hüquqi yardım, ətraf mühitin bərpası və enerji səmərəliliyi", - K.Mabuçi əlavə edib.

BMT rəsmisi qeyd edib ki, COP29-da Azərbaycanın sədirliyi ilə əldə olunan növbəti uğurdan bəhs edib: "İtki və Zərər Fondunun iqlim dəyişikliyinin mənfi təsirlərinə ən həssas olan ölkələri və icmaları dəstəkləmək məqsədi daşıyır. BMT-nin Qaçqın Agentliyinin (UNHCR) son hesabatına əsasən, dünya üzrə 120 milyondan çox məcburi köçkünün dörddə üçü iqlim dəyişikliyindən ciddi şəkildə təsirlənən ölkələrdə yaşayır. Buna görə də İtki və Zərər Fondunun tam fəaliyyət göstərməsini təmin etmək üçün COP29-da qəbul edilmiş qərar çoxdan gözlənilirdi. Fond 2025-ci ildə layihələrin maliyyələşdirilməsinə başlayacaq. Bu günə kimi Fonda verilən ümumi maliyyə dəstəyi 730 milyon ABŞ dollarını ötür", - K.Mabuçi əlavə edib.

Qeyd edək ki, İtki və Zərər Fondunun yaradılması Misirdə keçirilmiş COP27 zamanı qərara alınmışdı. COP29 çərçivəsində isə Azərbaycanın sədirliyi ilə İtki və Zərər Fondu ilə bağlı bir sıra mühüm sazişlər imzalanıb. Bunlar Fondun İdarə Heyəti ilə Dünya Bankı arasında "Qəyyumluq Sazişi" və "Katibliyin Ev Sahibliyi Sazişi", eləcə də Fondun İdarə Heyəti ilə ev sahibi ölkə olan Filippin Respublikası arasında imzalanmış "Ev Sahibi Ölkəyə dair Saziş"dir. Hazırda Fonda vəd edilən ümumi maliyyə dəstəyi məbləği 750 milyon ABŞ dollarından artıqdır və əldə edilən bu nailiyyətlərlə İtki və Zərər Fondu 2025-ci ildən etibarən layihələri maliyyələşdirə biləcək.

Bənzər yazılar

0.14768290519714