Azərbaycanda jurnalistlər nə qədər maaş alır?

 09-12-2024

Media sektorunda tez-tez paylaşılan iş elanlarındakı əməkhaqqı təklifi müzakirə mövzusu olur. Bəzən tələblər bölməsində hərtərəfli bilik və bacarıqları qeyd edən işəgötürənlər təklif bölməsində ona adekvat olmayan bir rəqəmlə əməkhaqqını göstərirlər. Əsasən 400-500 manatlıq əməkhaqqı təklifi jurnalistləri narazı salır. Onlar,  işçidən savad, təhsil, təcrübə, dil bilgisi, SMM bacarığı, diqqət, gərgin rejimdə işləmək  bacarığı və sürət tələb edən ən çətin fəaliyyət sahələrindən biri olan jurnalistikada əməkhaqqının bu səviyyədə olmasını yanlış hesab edirlər. 

Onu qeyd edək ki, Azərbaycanda media sahəsində distant iş təcrübəsi o qədər də yayılmayıb, ofisdən işləmək şərti bütün iş elanlarında qeyd edilir. İş yeri də şəhərin mərkəzində... Bu əmək haqqının ən az 200 manatının yol xərcinə hesablanması deməkdir. Nəticədə jurnalistin cibində qalan pul onun minimum ehtiyaclarına ancaq yetmiş olur. 

Jurnalistlərtin bu narazılığına cavab olaraq, qarşı tərəf də qeyd edir ki, sözügedən iş təklifinə tələb var, müraciətlər də olunur və bu maaşla çalışanlar da var.  

Onu da əlavə edək ki, bu rəqəmlər media sektorunda orta aylıq əmək haqqı deyil. Orta aylıq əməkaqqı daha yüksəkdir. Ehtimal ki, aşağı əməkhaqqı ilə olan iş təklifləri də daha çox jurnalist fəaliyyətinə yeni başlayan gənclər üçün sərfəli olur.

Sitat.info-ya açıqlamasında tez-tez müzakirə olunan bu mövzuya münasibət bildirən Mətbuat Şurasının İH üzvü, media eksperti Müşviq Ələsgərli bildirdi ki, bu cür elanlar Azərbaycanda jurnalistika sahəsində orta statistik əməkhaqqı göstərici hesab edilmir:

"Bu Azərbaycanda orta statistik göstərici deyil, ən aşağı göstəricidir. Biz Azərbaycanda media sahəsində əməkhaqqlarını 3 kateqoriya üzrə bölürük. 500 manata qədər əmək haqqı verən media subyektləri, 500-dən 1000 manata qədər olanlar və 1000 manatdan yuxarı olanlar... Biz təsnifatlaşmanı təqribən bu cür edirik. Hər il  bu statistikanı paylaşırıq. Düzdür, bu gün Azərbaycanda jurnalistə 400-500 manat əmək haqqı verənlər var, amma onların sayı kifayət qədər aşağıdır. Təxminən 15-20 faiz media subyektləri az maaş verir".

M.Ələsgərli jurnalistlərin orta aylıq əmək haqqı statistikasını da açıqladı: "Azərbaycanda jurnalistlər üçün orta aylıq əmək haqqı keçən il 700-800 manat civarında idi, bu il də təxminən 800-900 manat olacaq. Ölkəmizdə jurnalistlərin 20 faizə qədəri 500 manat civarında, 60-70 faizi 500-1000 manat arasında, 10-15 faizi isə 1000 manatdan yuxarı maaş alır. Yəni, burada heç bir media qurumuna nə qədər maaş verməsi ilə bağlı şərt qoymaq, tələb qoymaq olmaz. Əsas odur ki, ölkədə minimum əmək haqqı var və ondan aşağı maaş verilə bilməz. Yuxarı həddi isə redaksiyanın öz imkanlarından asılıdır".

 

Bənzər yazılar

0.10796093940735