Zaur Mikayılov Şəhid analarını saatlarla yağışın altında gözlətdi və qəbul etmədi…

 20-08-2024

“Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun 16 avqust 2024-cü il tarixdə Göyçay rayonunda keçirdiyi vətəndaş qəbulunda özbaşınalıq oldu. Həmin gün heç bir qanuni əsas olmadan bizi qəbula buraxmadılar. Hansı ki, biz 15 gün əvvəl qəbula yazılmış, poçt vasitəsi ilə xəbərnaməli teleqram göndərmişdik”.

Bu barədə Göyçay rayon sakinləri Mirzəliyev Elman Çingiz oğlu, Feyzullayev Rahim Zülfü oğlu tərəfindən redaksiyaya göndərilən məktubda bildirilir. Şikayətçilər daha sonra əlavə edirlər:

“Bizim şikayətimiz Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri Orxan Mahmudovun qanunsuz fəaliyyətindən olduğu üçün, onun müdaxiləsi nəticəsində qəbula düşə bilmədik.

Ancaq həmin gün bizdən başqa şəxslər də qəbula düşə bilmədilər. Yağış yağdığı üçün qəbula gələnlə açıq havada dayana bilməyib, içəri girmədən oranı tərk etmək məcburiyyətində qaldılar. Həmin gün Göyçay rayon Suvarma Sistemləri İdarəsinin böyük akt zalını bağlayıblar ki, vətəndaşlar yağışda islanmamaq üçün qəbula girmədən oranı tərk edib getsinlər.

Bütün bu özbaşınalıqları edən Orxan Mahmudova birbaşa yardımçı olan isə Dövlət Su Ehtiyatları Agentliyinin Bakıdan gələn Dilqəm Şükürov adlı əməkdaş oldu.

Hətda qəbul günü növbədənkənar qəbul olunması nəzərdə tutulan Şəhid anaları saatlarla gözləməli oldular.

Orxan Mahmudov təxminən 1 ildən çoxdur ki, Göyçay rayon Suvarma Sistemləri İdarəsinin müdiri vəzifəsini icra edir. Bizim yaşadığımız və digər kəndlərdə heç bir lildən təmizləmə, bənd vurma işləri aparılmayıb. Ancaq, buna baxmayaraq, Orxan Mahmudov hesabat xarakterli televiziya çıxışında bildirir ki, 2024-cü ilin yanvar ayından Göyçay rayonunun kəndlərində ümümilikdə 280 km məsafədə su kanallarında lildən təmizləmə işləri aparılıb.

Bu, tam yalandır, şişirdilmiş rəqəmdir. 5-6 km məsafədə lildən təmizləmə işləri aparılsa da, rəqəmlər həddən artıq şişirdilərək vəsaiti siliblər. Bu fakt təcili və ciddi yoxlanılmalıdır. Orxan Mahmudov əvvəl bank sektorunda işləsə də, oradan işdən çıxarılıb. Onun suvarma sahəsində heç bir təcrübəsi, biliyi və bacarığı olmadığı üçün Göyçay sakinləri əziyyət çəkirlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev vətəndaşların yerlərdə qəbulunun səmərəli təşkili üçün sərəncamlar imzalayıb, tapşırılar verib. Ancaq təəssüf olsun ki, Orxan Mahmudov öz şəxsi maraqlarına görə Prezidentin sərəncamına əməl etmir, verdiyi tapşırıqları qulaq ardına vurur.

Prezident cənab İlham Əliyevdən xahiş edirik ki, şikayətimizi obyektiv araşdırıb, yarıtmaz fəaliyyəti ilə dövlətə və xalqa ziyanlar vuran Orxan Mahmudovun barəsində ciddi tədbirlər görülsün”.

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Hazırladı: Jalə FAMİLQIZI

Hurriyyet.az

Bənzər yazılar

0.13923001289368