İki il əvvəl yaradılan şirkət nazirlikdə milyonluq tenderləri necə udur? - “Excellent Trade” QSC müəmması

 30-08-2023

Bu ayın əvvəlində Əmək və Əhalinin Dövlət Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyi Publik Hüquqi Şəxsin Quba və Bərdə Peşə Hazırlığı Mərkəzlərinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınması tenderinin nəticələrini elan edilib.

Müsabiqənin qalibi "Excellent Trade” Qapalı Səhimdar Cəmiyyətidir. Agentlik tərəfindən qalib şirkətə 2 milyon 760 min 568 manat ödəniləcək. 

Qaynarinfo-nun məlumatına görə, qalib şirkət nizamnamə kapitalı 10 manat olmaqla, 17.11.2021-ci il tarixində Sumqayıt şəhəri, məhəllə 5, ev 11/18, mənzil 7-də dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Həsənov Vüsal Şahbaz oğlu olub. 

29.08.2022-ci il tarixində MMC-nin qanuni təmsilçisi bir neçə saatlıq Ələskərov Kamal Ələskər oğlu olub. Lakin elə həmin gün MMC-nin nizamnamə kapitalı 2010 manata yüksəldərək, Qapalı Səhimdar Cəmiyyətinə çevirilib və yenidən qanuni təmsilçilik Həsənov Vüsal Şahbaz oğluna keçib.

"Excellent Trade” QSC-yə çevirildikdən 3 gün sonra, 01.09.2022-ci il tarixdə Dövlət Məşğulluq Agentliyi Publik Hüquqi Şəxsin Bərdə Peşə Hazırlığı Mərkəzinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların satın alınmasına görə elan etdiyi 2.296.800,62 AZN-lik tenderin qalibi olub.

Bundan 16 gün sonra, 16.09.2022-ci il tarixində ƏƏSMN yanında "Protez-Ortopedik İstehsalat Və Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsin məişət avadanlıqların alınmasına görə elan etdiyi 17.528,9 AZN-lik tenderdə qalib gəlib.

18.10.2022-ci il tarixində ƏƏSMN yanında Sosial Xidmətlər Agentliyi Publik Hüquqi Şəxsin qurumun aparatı, filialları və tabeliyində olan sosial xidmət müəssisələri üçün dəftərxana mallarının satın alınması üçün elan etdiyi 74.699,43 AZN-lik tenderin qalibi olub. Elə həmin gün Agentliyin tabeliyində olan Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzi üçün avadanlıqların satın alınması üçün elan etdiyi 21.287,2 AZN-lik açıq tenderi də qazanıb.

20.10.2022-ci il tarixində Sosial Xidmətlər Agentliyi Azərbaycanda himayədar ailə institunun uğurlu tətbiqi üçün türk təlimçilər tərəfindən nazirliyin bu sahədə çalışacaq əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə keçiriləcək təlimin təşkili və qonaqlama xidmətinin satın alınması üçün elan etdiyi 18.154,3 AZN-lik tenderi də bu QSC-yə verilib.

QSC 16.11.2022-ci il tarixində ƏƏSMN-nin mətbəx ləvazimatlarının satınalınması üçün elan etdiyi 2.076,8 AZN-lik tenderin qalibi seçilib.

"Excellent Trade” 17.11.2022-ci il tarixində nazirliyin tabeçiliyində olan Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi Şəxs tərəfindən keçiriləcək konfransın təşkili ilə bağlı mal, iş və xidmətlərin (mətbəə malları, tərcümə xidməti, bədii tərtibat işləri, foto, videoçəkiliş xidmətləri və digər xidmətlərin) satın alınması üçün elan etdiyi 271.345,72 AZN-lik tenderin qalibi olub. 

06.12.2022-ci ildə Sosial Xidmətlər Agentliyinin əlilliyi olan şəxslərin stolüstü idman oyunları üzrə VI Ümumrespublika yarışının keçirilməsi xidmətinin satın alınması üçün elan etdiyi 29.412,5 AZN-lik tender bu şirkətə verilib.

14.12.2022-ci ildə Sosial Xidmətlər Agentliyinin filialları üçün xüsusi geyimlərin və Agentliyin tabeliyində olan sosial xidmət müəssisələri üçün yumşaq inventar, yataq ləvazimatlarının satın alınması üçün elan etdiyi 259.530,43 AZN-lik tender QSC qazanıb.

11.05.2023-cü ildə, yəni 5 aylıq fasilədən sonra Sosial Xidmətlər Agentliyi əlilliyi olan şəxslər arasında keçirilməsi nəzərdə tutulan Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Fibonaççi” intellektual oyununun təşkil edilməsinin satın alınması üçün elan etdiyi 130.856,62 AZN-lik tender də bu şirkətə verilib.

"Excellent Trade” 12.06.2023-cü il tarixində nazirliyin tabeçiliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST)  Publik Hüquqi Şəxs tərəfindən qurumun təsis etdiyi təsərrüfat cəmiyyətləri üçün texnoloji avadanlıqların satın alınması üçün keçirilən 980.731,09 AZN-lik tenderi qazanıb.

12.06.2023-cü ildə Xidmətlər Agentliyi tabeliyində olan həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin döşəmə örtüyü (kavrolitin) və görmə qüsurlu insanlar üçün nəzərdə tutulmuş taktil piltələrlə təmin olunması işlərinin satın alınması üçün elan etdiyi 53.993,16 AZN-lik tender "Excellent Trade” QSC-yə verilib.

"Excellent Trade” 11.08.2023-cü ildə Dövlət Məşğulluq Agentliyinin Quba və Bərdə Peşə Hazırlığı Mərkəzlərinin maddi-texniki bazasının beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə mal və materialların alınması və quraşdırılması işlərinin satın alınması üçün elan etdiyi 2.760.568,46 AZN-lik tenderi qazanıb.

Şirkət 2022-ci ildə Bərdə Peşə Hazırlığı Mərkəzinə görə 2.296.800,62 AZN-lik, bir neçə gün öncə eyni xidmətlərin göstərilməsinə görə 2.760.568 AZN-lik tenderin qalibi olub. 

Nazirliyin sonuncu tender elanından bir gün sonra - 2023.08.12-ci il tarixində QSC-nin qanuni təmsilçisi dəyişərək yenidən Ələskərov Kamal Ələskər oğlu olub. Şirkətin qanuni təmsilçisi dəyişsə də, hüquqi ünvanı isə dəyişməyib. Kamal Ələsgərov həmçinin 25 avqust 2009-cu ildə qeydiyyata alınan "Kəmər-Qaya” MMC-nin qanuni təmsilçisi olub. Onun bu şirkəti də ƏƏSMN və onun tabeliyindəki qurumların keçirdiyi satınalma müsabiqlərinin qalibi olur. 

Xatırladaq ki, KİV-də də "Excellent Trade” QSC barəsində müxtəlif yazılar dərc edilir. Apardığımız araşdırmaya görə, "Excellent Trade” QSC nazirlikdə yüksək vəzifə tutan şəxsə məxsus olan şirkətdir. 

Onu da qeyd edək ki, iki il ərzində MMC-dən QSC-yə çevirilən "Excellent Trade”in rəsmi elektron səhifəsi belə mövcud deyil. 

QSC ən çox Dövlət Məşğulluq Agentliyinin tenderlərində qalib olduğu üçün sözügedən quruma 10 gün əvvək sorğu ünvanlasaq da, cavab verilməyib.

Bənzər yazılar

0.16752505302429